date saat
17 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev Naxçıvan Şəhər İcra və Probasiya şöbəsində elektron icra sisteminin işlənməsi prinsipləri və prosedur qaydası ilə tanış olmaq məqsədilə Naxçıvan Şəhər Məhkəməsində olmuşdur. Nazir elektron icra sisteminə baxış keçirmiş və bu istiqamətdə tapşırıqlarını vermişdir.
Qeyd olunmuşdur ki, elektron icranın muxtar respublikada təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə yaradılmışdır. Həmin prosedur icra sahəsində statistikanın düzgün aparılmasına, operativliyin artırılmasına və icra məmurlarının işlərinin asanlaşdırılmasına xidmət edəcəkdir.
Bu gün muxtar respublikada gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin vətənpərvər, dünyagörüşlü, savadlı olması, eyni zamanda milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bütövlükdə muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Noyabrın 29-da Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının, qeydiyyat şöbələrinin və notariat ofislərinin əməkdaşlarının iştirakı ilə “İşçilərin bilik səviyyəsinin artırılması və nizam-intizamın gücləndirilməsi” mövzusunda seminar keçirilmişdir.
Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə müşaviri Səttar Zamanov seminarı giriş sözü ilə açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, Ədliyyə Nazirliyi üçün müəyyən edilmiş mühüm vəzifələrdən biri də tabe təşkilatlarda fəaliyyət göstərən əməkdaşların hüquqi maarifləndirilməsini təşkil etmək və onların etik davranış qaydalarına nəzarət etməkdir. Nazirlik tərəfindən vəzifələrin icrası ilə əlaqədar mütəmadi olaraq tədbirlər keçirilir, qanunvericiliyin tələblərinə əməl edilməsi nəzarətdə saxlanılır.
Səttar Zamanov “Nizam-intizamın gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr” mövzusunda məlumat verərək bildirib ki, tərəfimizdən hər bir ədliyyə işçisinin etik davranış qaydalarına, nizam-intizama əməl etmələrinə nəzarət edilir və bu istiqamətdə tədbirlər görülür. Etik davranış və intizam qaydalarının pozulması qanunvericiliklə müəyyən olunmuş intizam məsuliyyətinə səbəb olur.
Noyabrın 29-da Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Məhkəmə Ekspertizası Mərkəzində praktiki seminar keçirilmişdir. “Məhkəmə Ekspertiza Mərkəzinin fəaliyyət istiqamətləri və iş prinsipləri ilə tanışlıq” mövzusunda keçirilən tədbirdə nazirliyin yerli icra və probasiya şöbə və bölmələrinin əməkdaşları iştirak etmişlər. Seminarı giriş sözü ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov açaraq mərkəzin yaranması və tarixi inkişafı barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2005-ci il tarixli qərarına əsasən Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 oktyabr 2015-ci il tarixli Fərmanı ilə isə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının bazasında Məhkəmə Ekspertizası Mərkəzi yaradılmış və hazırda mərkəz kimi 31 ştat vahidi üzrə fəaliyyət göstərir. Mərkəzdə 18 ixtisas sahəsi üzrə tədqiqatlar aparılır. Bütün sahələr üzrə ekspertlər qabaqcıl ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilmişdir.