date saat
Noyabrın 29-da Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının, qeydiyyat şöbələrinin və notariat ofislərinin əməkdaşlarının iştirakı ilə “İşçilərin bilik səviyyəsinin artırılması və nizam-intizamın gücləndirilməsi” mövzusunda seminar keçirilmişdir.
Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə müşaviri Səttar Zamanov seminarı giriş sözü ilə açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, Ədliyyə Nazirliyi üçün müəyyən edilmiş mühüm vəzifələrdən biri də tabe təşkilatlarda fəaliyyət göstərən əməkdaşların hüquqi maarifləndirilməsini təşkil etmək və onların etik davranış qaydalarına nəzarət etməkdir. Nazirlik tərəfindən vəzifələrin icrası ilə əlaqədar mütəmadi olaraq tədbirlər keçirilir, qanunvericiliyin tələblərinə əməl edilməsi nəzarətdə saxlanılır.
Səttar Zamanov “Nizam-intizamın gücləndirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr” mövzusunda məlumat verərək bildirib ki, tərəfimizdən hər bir ədliyyə işçisinin etik davranış qaydalarına, nizam-intizama əməl etmələrinə nəzarət edilir və bu istiqamətdə tədbirlər görülür. Etik davranış və intizam qaydalarının pozulması qanunvericiliklə müəyyən olunmuş intizam məsuliyyətinə səbəb olur.
Qeyd edib ki, hər bir əməkdaş “Ədliyyə qulluqçularının etik davranış Qaydalar”nın prinsiplərinə uyğun olaraq vətəndaşlarla ünsiyyətdə nəvazişli, ehtiramlı olmalı, istər iş vaxtı, istərsə də iş fəaliyyətindən kənarda davranışlarına diqqət yetirməlidir.
“İşçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması” mövzusunda çıxış edən Kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev qeyd etdi ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ədliyyə orqanları işçisi öz ixtisasını artırması onun qulluq borcudur. İşçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması istiqamətində müvafiq tədbirlər görülür. Gələcəkdə işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı nəzəri və peşə hazırılığı nəzərə alınır. Ona görə də əməkdaşlar nəzəri biliklərini və peşə hazırlıqlarını daim artırmalı, nazirliyin fəaliyyət istiqamətinə uyğun bilikləri mənimsəməlidirlər.
Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Etik davranış və intizam qaydalarının qanunvericiliklə tənzimlənməsi” barədə məlumat verərək bildirib ki, ədliyyə işçiləri tərəfindən xidməti vəzifələr icra edilərkən etik davranış qaydalarına əməl edilməlidir. Ədliyyə sisteminə daxil olan orqanların əməkdaşları həm iş vaxtı, həm də xidmətdən kənar vaxtı davranışları təmkinli, səbrli, ədəbli olmalı, özünün və nazirliyin nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməməlidir. Daha sonra Ayaz Məhərrəmov mövcud sahədə olan qanunvericiliyin tələbləri və prinsipləri barədə tədbir iştirakçılarına geniş məlumat verib və qanunvericiliyin pozulması hallarının intizam məsuliyyətinə cəlb olunması üçün əsas olduğunu diqqətə çatdırıb.
Sonda qarşıda duran vəzifələr diqqətə çatdırılıb və verilən suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti