date saat
Bu gün muxtar respublikada gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin vətənpərvər, dünyagörüşlü, savadlı olması, eyni zamanda milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bütövlükdə muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Ümummilli liderimiz Heydər Əliyev gənclərə müraciətində demişdir ki, “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” Naxçıvan Muxtar Respublikasında gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də gənc dövlət qulluqçuları arasında onları intellektual fəaliyyətə cəlb etmək, dünyagörüşü və zehni inkişafı stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə keçirilmiş “İntellektual Oyunlar üzrə Çoxnövçülük Turniri”dir. İntellektual yarışmada muxtar respublikanın 31 dövlət orqanından 186 gənc dövlət qulluqçusu iştirak etmişdir. Üç mərhələdən ibarət bu turnirin birinci mərhələsində Ədliyyə Nazirliyinin komandası “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu üzrə ən yüksək nəticə ilə birinci yeri tutaraq növbəti mərhələdə iştirak etmək hüququ əldə etmişdir. Yarışın sonuncu mərhələsi olan “Xəmsə” intellektual oyununda iştirak etmək hüququ qazanan komandalar arasında göstərilən nəticəyə görə komandamız ümumi turlar üzrə üçüncü yeri qazanmışdır. Komanda üzvləri göstərdiyi nəticəyə görə iki diplom, altı medalla təltif olunmuşlar.
Ədliyyə naziri qalib komanda üzvləri ilə görüşmüş, bu cür yarışların keçirilməsinin gənclərin intelektual səviyyələrinin və dünyagörüşlərinin artırılmasına yeni stimul olacağını qeyd etmişdir. Nazir qalib komandanın üzvlərini təbrik edərək, onların hər birinə təşəkkür elan etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti