date saat
Naxçıvan Muxtar Respublikası rəhbərliyinin qayğısı sayəsində muxtar respublikada bütün sahələrdə olduğu kimi, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır. Onların ictimai-sosial həyatda iştirakı, istedadlarının üzə çıxarılması və məşğulluqlarının təmin edilməsi istiqamətində muxtar respublikada ardıcıl tədbirlər görülür. Bu da onların özünüməşğulluğunu təmin etməklə yanaşı, həm də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunub saxlanılmasında mühüm əhəmiyyət daşıyır.
Oktyabrın 4-də Ədliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışında iştirak etmişlər. Bələdçi tərəfindən sərgi-satışda nümayiş olunan əl işləri barədə məlumat verilmişdir. Ümumilikdə 305 istedadlı qadının 3926 əl işi nümayiş olunur. Sərgidə yağlı boya ilə işlənən təbiət mənzərələri, xalçalar, milli geyimlər, toxuculuq nümunələri, dekorativ tətbiqi sənət nümunələri maraqla qarşılanıb.
Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi, icradan qəsdən yayınan borclular barədə qanunvericiliyin tələblərinə uyğun olaraq profilaktik tədbirlərin görülməsi, barəsində icra işi olan borcluların hüquqlarının və məsuliyyətlərinin izah edilməsi məqsədilə nazirliyin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
İcradan yayınan borclularla aparılan profilaktik söhbətlərin davamı olaraq növbəti tədbir Şərur rayonunda keçirilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment tələbi ilə bağlı ödənişləri gecikdirən altı vətəndaş qəbulda iştirak etmiş, alimentin ödənilməsi ilə bağlı tərəflər dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində tərəflər arasında müzakirələr aparılmışdır. Borclulara məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburiliyi izah olunmuşdur.
“Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə bələdiyyələrin maarifləndirilməsi məqsədilə növbəti tədbir Babək rayonunda keçirilmişdir.
“Yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində bələdiyyələrin vəzifələri” mövzusunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifələrini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov çıxış edərək bildirdi ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmişdir. Bütövlükdə ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində qanunla onlara verilən salahiyyətlərdən səmərəli istifadə edilməsi sahəsində səylərini ilbəil daha da artırırlar.
Qeyd etmişdir ki, ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilərək bələdiyyə faəliyyətini tənzimləyən bir çox qanunlara əlavələr və dəyişikliklər edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuşdur. Bu dəyişikliklər bələdiyyələrin daşınmaz əmlakın dövlət reyestrindən vergiyə cəlb edilən daşınmaz əmlak və onun mülkiyyətçiləri barədə məlumatlar almaq imkanını reallaşdıraraq əmlak vergisi ödəyicilərinin uçotunun aparılmasında və verginin toplanması işində bələdiyyələrin imkanlarının artırılmasına öz müsbət təsirini göstərir.
Ədliyyə Nazirliyinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının hərbi sürücüləri üçün “Yol-nəqliyyat hadisələri və onların qarşısının alınması” mövzusunda seminar keçirilmişdir.
Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekpertizaları bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov bildirmişdir ki, son dövrlərdə hərbi hissələrdə qeydə alınan yol nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin avtomobili diqqətsiz idarə etməsi və yol hərəkəti qaydalarına etinasız yanaşmaları nəticəsində baş verir.
Sürücülər xidməti vəzifə ilə bağlı əsasən dağ yolları və nahamar yollarla hərəkət etdikləri üçün yola düşməzdən əvvəl nəqliyyat vasitəsinin sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Hər bir sürücü bilməlidir ki, aslfalt-beton örtüklü olmayan yollarda və nahamar yolarda avtomobil şinləri ilə yol səthi arasında faktiki təmas az oduğundan bu cür yollarda nəqliyyat vasitəsi yol şəraitinə uyğun olmayan sürətlə və qeyri-normal idarə edildikdə daha tez idarə olunmaz vəziyyətə düşür və onun tam dayanma yolu daha uzun olur. Buna görə də bu cür yollarda hərəkət edərkən sürücü yol şəraitinə uyğun olan sürətlə hərəkət etməlidir ki, hərəkət üçün hər hansı təhlükə yarandıqda idarə etdiyi avtomobili təhlükəsiz olaraq dayandıra bilsin.