date saat

Azərbaycan Respublikası ədliyyə nazirinin

2006-cı il 29 aprel tarixli 6-T nömrəli əmri ilə

təsdiq edilmişdir

 

 

Notariusun etik davranış

 

KODEKSİ

 

 1. Ümumi müddəalar

 

1.1. Notariusun etik davranış Kodeksi (bundan sonra-«Kodeks») notariat fəaliyyəti ilə məşğul olan dövlət və xüsusi notariusların vəzifə öhdəliklərinin icrası zamanı və xidmətdən kənar davranışının mənəvi-etik normalarını, habelə mədəni rəftar qaydalarını tənzimləyir.

1.2. Bu Kodeks Azərbaycan Respublikasının Konstitusiyasına, «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununa və Avropa notariuslarının etika Kodeksinə əsasən hazırlanmışdır. Kodeksin müəyyən etdiyi normalar dövlət və xüsusi notariuslar, habelə notarius vəzifəsini müvəqqəti icra edən şəxslər üçün məcburidir.

1.3. Notarius obyektiv və qərəzsiz məsləhətlər verməklə, habelə sənədlərin tərtib və təsdiq edilməsi yolu ilə, fiziki və hüquqi şəxslərin keyfiyyətli hüquqi yardım almasına, notariat orqanlarının nüfuzunun, notariat fəaliyyətinin səmərəliliyinin, cəmiyyətdə qanunların aliliyinə inam hissinin artırılmasına, habelə insan hüquq və azadlıqlarının təmin edildiyi hüquqi dövlətin möhkəmləndirilməsinə yardım edir.

 2. Notariusun peşə fəaliyyətinin prinsipləri

 2.1. Notarius öz səlahiyyətlərini həyata keçirərkən qanunların tələblərinə riayət etməli, insan hüquqlarına hörmətlə yanaşmalı, cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, öhdəsinə düşən vəzifəni vicdanla icra etməlidir.

2.2. Notarius özünə qarşı tələbkar olmalı, andına sadiq qalmalı, müstəqilliyini şübhə altına alan hərəkətlərə yol verməməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.

2.3. Notarius peşə aləmində və şəxsən ünsiyyətdə olduğu şəxslərlə davranışında nəzakətli rəftarı, nitq mədəniyyəti ilə fərqlənməli, xarici görkəminə xüsusi fikir verməli, habelə iş yerində mədəni-əxlaqi mühitin yaranmasına çalışmalıdır.

2.4. Notarius düşdüyü şəraitdən asılı olmayaraq öz şərəfini, şəxsi ləyaqət hissini qoruyub saxlamalı, peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri  qəbul etməli, qiymətləndirməli və ondan düzgün nəticə çıxarmalıdır.

2.5. Notarius peşə borcunun məsuliyyətini dərindən dərk etməli, daim peşəkarlıq və bacarıq səviyyəsini, habelə elmi biliyini artırmalı, qüvvədə olan qanunları və notariat təcrübəsini öyrənməlidir.

 3. Notariusun fiziki və hüquqi

şəxslərlə münasibəti

 3.1. Notariat fəaliyyətini həyata keçirərkən notarius, heç kəsə əsassız üstünlük verməməli, üçüncü şəxslərin təzyiqinə, siyasi şəraitin təsirinə məhəl qoymadan, yalnız qanunvericiliyin tələblərinə riayət etməli və müraciət etmiş şəxslərin qanuni mənafeyinin qorunmasını təmin etməlidir.

3.2.Notarius peşə nüfuzuna xələl gətirən, yaxud ictimaiyyətdə notariat orqanlarına inam hissini azaldan hərəkətlərdən, zərərli vərdişlərdən, habelə xidməti fəaliyyəti ilə əlaqədar müraciət etmiş şəxslərdən qiymətli hədiyyə, sovqat almaqdan çəkinməlidir.

3.3. Notarius peşə vəzifələrinin icrası zamanı aşağıda qeyd olunan hərəkətlərə yol verməməlidir:

3.3.1. notariat hərəkətlərinin kontordan kənarda aparılması ilə bağlı müraciət etmiş şəxslərin xahişinin əsassız olaraq rədd edilməsinə;

3.3.2. notarius öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun fəaliyyətinə mənfi təsir göstərməsinə;

3.3.3. notariat hərəkətlərinin aparılmasının, o cümlədən texniki işlərin görülməsi, layihələrin hazırlanması, sənədlərin və surətlərin tərtib edilməsi və çoxaldılmasından ibarət olan işlərin həyata keçirilməsinin, notariat kontorunun və xüsusi notariusun əməkdaşı olmayan digər şəxslərə həvalə edilməsinə, habelə ailə üzvlərinin notariat fəaliyyətinə cəlb edilməsinə;

3.3.4. üzrsüz səbəbdən notariat kontorunun və xüsusi notariusun müəyyən edilmiş iş rejiminin pozulmasına;

3.3.5. sərxoş halda müştərilərin qəbulunun həyata keçirilməsinə və qəbul zamanı icazə almadan siqaret çəkməyə.

 4. Notariusun Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi ilə münasibəti

 4.1. Notarius Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tapşırığına əsasən peşə ixtisasını artırmalı, təcrübə mübadiləsi və təlim-tədris tədbirlərində iştirak etməli, hərəkətləri və notariat fəaliyyətinə aid məsələlərin araşdırılması ilə bağlı tələb olunan sənədləri, yazılı və şifahi məlumatları, o cümlədən izahatları təqdim etməli, nazirliyin digər göstərişlərini yerinə yetirməlidir.

 5. Notariusun dövlət və yerli özünüidarəetmə

orqanları ilə münasibəti

 5.1. Notarius dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinə hörmətlə yanaşmalı, peşə vəzifəsinin icrası ilə əlaqədar bu orqanlarla əməkdaşlıq etməlidir.

 6. Notariusun həmkarları ilə münasibəti

 6.1. Notarius peşə yoldaşları və hüquqşünas həmkarları ilə münasibətini qarşılıqlı hörmət, inam əsasında qurmalı, habelə notariat peşəsinin təkmilləşdirilməsində  həmrəylik göstərməlidir.

6.2. Notarius həmkarlarına yardım etməli, onların notariat fəaliyyətinə aid müraciətlərinə, sorğularına dəqiq və vaxtında cavab verməli, habelə peşəkar təcrübəni ötürməklə, peşənin nüfuzunu artırmalıdır.

6.3.  Notarius  qeyri-sağlam rəqabət aparmamalıdır.

6.4. Notarius digər notariusların işinə əngəl törətməklə, habelə əsassız güzəştlər etməklə notariat fəaliyyətinin müəyyən sahəsini, yaxud şəxslərlə aparılan işi inhisara almamalıdır.

6.5. Notarius üstünlük əldə etmək üçün fərdi reklamla məşğul olmamalı, o cümlədən kütləvi informasiya vasitələrində və internet səhifələrində özünü, işini birbaşa notariat fəaliyyətinə aid olmayan fəxri rütbələrə, elmi dərəcələrə və peşəkarlığının əlavə xüsusiyyətlərinə istinadən reklam etməməlidir (notariat kontorunun iş rejimi və olduğu yerin göstərilməsi reklam hesab olunmur).

 7. Notariusun xidməti fəaliyyətdən kənar davranışı

 7.1. Notarius, xidmətdən kənar davranışında özünü təmkinli, ədəbli aparmalı, nüfuzuna xələl gətirən hərəkətlərdən çəkinməlidir.

7.2. Notarius elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıqla məşğul olmamalı və digər haqqı ödənilən işləri yerinə yetirməməlidir.

7.3. Notarius işlədiyi müddətdə  siyasi fəaliyyətini dayandırmalı, kütləvi aksiyalarda, küçə yürüşlərində iştirak etməməli, partiyalara hər hansı dəstək verməkdən çəkinməlidir.

 8. Kodeksin tələblərinin pozulmasına görə

notariusun məsuliyyətə cəlb edilməsi və

nümunəvi etik davranışla əlaqədar

mükafatlandırılması

 8.1. Bu Kodeksdə müəyyən edilmiş qaydaların pozulmasına görə notariusun məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində və «Notariat haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir.

8.2. Nümunəvi etik davranışa malik olan notariusun mükafatlandırılması və təltifi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.