date saat
Noyabrın 29-da Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Məhkəmə Ekspertizası Mərkəzində praktiki seminar keçirilmişdir. “Məhkəmə Ekspertiza Mərkəzinin fəaliyyət istiqamətləri və iş prinsipləri ilə tanışlıq” mövzusunda keçirilən tədbirdə nazirliyin yerli icra və probasiya şöbə və bölmələrinin əməkdaşları iştirak etmişlər. Seminarı giriş sözü ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov açaraq mərkəzin yaranması və tarixi inkişafı barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2005-ci il tarixli qərarına əsasən Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 oktyabr 2015-ci il tarixli Fərmanı ilə isə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının bazasında Məhkəmə Ekspertizası Mərkəzi yaradılmış və hazırda mərkəz kimi 31 ştat vahidi üzrə fəaliyyət göstərir. Mərkəzdə 18 ixtisas sahəsi üzrə tədqiqatlar aparılır. Bütün sahələr üzrə ekspertlər qabaqcıl ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilmişdir.
Mərkəzin rəisi öz çıxışında mərkəzdə fəaliyyət göstərən ekspertiza sahələri haqqında seminar iştirakçılarına məlumat verərək bildirib ki, əlavə olaraq yeni ixtisasların yaradılması diqqət mərkəzində saxlanılır. Sonra İcra və probasiya qurumlarının və Məhkəmə Ekspertizası Mərkəzinin qarşılıqlı fəaliyyətini təmin edən qanunvericiliyə diqqət çəkmiş, bu sahədə olan ekspertiza işləri barədə məlumat vermişdir.
Nazirliyin Təkilat-nəzarət şöbəsinin rəisi ədliyyə müşaviri Səttar Zamanov tədbirin əhəmiyyəti barədə məlumat verərək bildirdi ki, nazirliyin iş planına əsasən mərkəzin fəaliyyəti və iş prinsipi barədə müntəzəm olaraq aidiyyatı orqanların əməkdaşlarının maarifləndirilməsi sahəsində tədbirlər keçirilir. İcra və probasiya qurumlarının əməkdaşlarının ekspertiza sahəsində məlumatlandırılması onların fəaliyyəti üçün zəruri xarakter daşıyır.
Mərkəzin İqtisad ekspertizası bölməsinin böyük ekpserti Sərdar Nəcəfov əmtəəşünaslıq ekspertizası haqqında məlumat vermiş, bu ekspertiza səhəsinin predmeti, tədqiqat obyektləri, həll etdiyi məsələlər dairəsini seminar iştrakçılarının nəzərinə çatdırmışdır. Tədqiqata təqdim edilməli maddi sübutların qablaşdırılmasının vacibliyini vurğulamışdır. Bundan başqa ekspertizaya gətirilməsi mümkün olmayan tədqiqat obyektlərinə baxış keçirilməsi haqqında ekspert vəsatətinin təmin edilməsinin vacibliyini və həmin obyektə baxışın ekspertiza təyin edən orqan tərəfindən təşkil edilməsinin zəruri olduğunu qeyd etmişdir.
Mərkəzin əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin böyük eksperti Emin Əliyev xətşünaslıq ekspertizasının yaranma tarixi, mahiyyəti, həll etdiyi məsələlər dairəsi, tədqiqat obyektləri haqqında geniş məlumat vermiş, yazıxəttin qanunauyğunluqları, onun tədqiqat prosesi və məhkəmə-xətşünaslıq ekspertizası məsələlərinin həlli metodları haqqında izahlar vermişdir.
Vurğulanıb ki, məhkəmə-xətşünaslıq ekspertizasında tədqiqatlar eyniləşdirici, eyniləşdirici olmayan (diaqnostik və təsnifləşdirici) tədqiqatlar istiqamətində aparılır. Eyniləşdirici tədqiqat mərhələsinin özü də fərdi və qrup eyniləşdirməsinə mərhələlərinə ayrılır. Fərdi eyniləşdirmə məsələlərinə əlyazma mətnin və ya imzanın konkret icraçısının müəyyən edilməsi; qrup eyniləşdirilməsi məsələlərinə isə müxtəlif mətnlərin, mətnin ayrı-ayrı fraqmentlərinin, imzaların, mətn və imzaların eyni və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi məsələləri daxildir.
Eyniləşdirici olmayan tədqiqatlar da öz növbəsində diaqnostik və təsnifləşdirici qruplara bölünür. Sırf diaqnostik məsələlərin həlli baş vermiş hadisəyə aid müstəntiqi, məhkəməni yaxud hakimi maraqlandıran obyektin vəziyyətinin müəyyən edilməsi məqsədi daşıyır. Buraya xətt obyektinin icrası zamanı icraçının daxili vəziyyətinin müəyyən edilməsi yəni, həyəcanlı vəziyyətində, alkoqol və ya narkotik sərxoşluğu vəziyyətində, yorğunluq vəziyyətində, xəstəlik vəziyyətində abistinensiya vəziyyətində və s. daxildir.
Sonra seminar iştrakçıları bölmə rəisi Səməd Şaxtaxtinski tərəfindən mərkəzin ballistik və trasoloji ekspertizalar bölməsinin labaratoriyasında və atəş zalında, böyük ekspert Bayram İsmayılov tərəfindən narkotik vasitələrin ekspertizası labaratoriyasında, ekspert İnci Abışova tərəfindən fiziki-kimyəvi labaratoriyada,bölmə rəisi Anar Məmmədov tərəfindən sənədlərin və pul nişanlarının labaratoriyasında olan cihazlar və avadanlıqlarla tanış edilmiş, onların iş prinsipi barəsində məlumat almışlar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavblandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti