date saat
Kitab və mütailənin təbliği bu gün üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir". Kitab oxumağın təbliği gənclərin vətənpərvər ruhda tərbiyə almasında mühüm əhəmiyyətə malik olmaqla, ümumilikdə isə cəmiyyətimizin maariflənməsinin əsas vasitələrindən biridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı da bu istiqamətdə görülən işlərin davamı olmaqla yanaşı, həm də gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayır. "Oxunması zəruri olan kitablar"ın siyahısında həm Azərbaycan ədəbiyyatının, həm də dünya ədəbiyyatının nümayəndələrinin əsərləri vardır. Belə ki, bu kitablar həm milli vətənpərvər, həm də dünyəvi proseslərdən məlumatlı və dünya mədəniyyətinə yaxından bələd olmağa səsləyir. Qeyd edilənlər nəzərə alınmaqla nazirliyin kitabxanasında “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.
Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Tarixi abidələrlə tanışlıq, onların ziyarət edilməsi vətəndaşlarımızda tarixi irsimizə sahiblik hissi yaradır, gənclərimizdə vətənpərvərlik duyğularını möhkəmlədir. Nazirliyin kollektivi orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi ilə tanışlıq zamanı bələdçi tərəfindən abidənin tarixi haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Möminə Xatun türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir. Türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşıdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formasındadır) isə yonulmuş daşdan tikilmişdir.
Oktyabrın 25-də Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda Naxçıvan şəhərində növbəti maarifləndirici seminar keçirilmişdir.
Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifələrini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış etmişdir. Bildirmişdir ki, bələdiyyələrin işinin təşkilinə kömək etmək, onlara metodoloji yardım göstərmək və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindəndir. Bələdiyyələr tərəfindən qanunçuluğun təmin edilməsi, bələdiyyə fəaliyyətinin tənzimləyən qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi vacib şərtlərdəndir. Bu məqsədlə muxtar respublikanın şəhər və rayonlarında mütəmadi olaraq seminarlar təşkil olunur. Qeyd edilmişdir ki, 13 fevral 2018-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əmlak vergi ödəyicilərinin uçotunun aparılmasında və verginin toplanması işində bələdiyyələrin imkanlarının artırılmasına müsbət təsir göstərmişdir.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün müxtəlif sahələrdə praktiki biliklər əldə etmələri və ixtisaslarına yüksək səviyyədə yiyələnmələri üçün bir sıra işlər görülmüş və hazırda da davam etdirilməkdədir.
Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə 25 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamını imzalamış və sözügedən Sərəncamla bir çox ixtisas muxtar respublikanın dövlət orqanlarına hamiliyə verilib. Bu Sərəncam ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur. İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir.