date saat
Mayın 10-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi, müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Heydər Əliyev Muzeyinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıdığını, Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səviyyəli elmi konfransları, seminarları, interaktiv dərsləri, görüşləri təşkil edib keçirdiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq muzeyə “muxtar respublika” statusu verilib. Muzeylə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 may 2023-cü il tarixli “Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusunun verilməsi haqqında” Qərarı oxunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2023-cü il Heydər Əliyev ili elan olunub və respublikamızın bütün bölgələrində Ulu Öndərin ömür yolu, dövlətçilik fəaliyyəti, onun zəngin irsi araşdırılır və gənc nəslə ötürülməsi üçün təqdim olunur. Bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etdirilməsi məhz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Fuad Nəcəfli Ulu Öndərin Sovetlər Birliyi dövründən başlayaraq ölkəmizin inkişafını təmin etmək üçün həyata keçirdiyi tədbirlərdan, eyni zamanda Sovet İttifaqının ölkəmizə qarşı repressiyalarından bəhs edib. Qeyd olunub ki, Azərbaycan xalqı tarixdə 2 dəfə, ilk dəfə İkinci Dünya müharibəsində, sonra isə İkinci Qarabağ müharibəsində faşizmlə müharibə aparıb. Sevindirici haldır ki, biz hər iki müharibədə qalib olmuşuq.
Bildirilib ki, 1960-cı illərin əvvəlləri Azərbaycan olduqca çətin siyasi vəziyyətdə idi. Ovaxtkı Azərbaycan Sovet Sosialist Respublikasının rəhbərliyi mərkəzdə heç bir təsir imkanlarına malik deyildi. Azərbaycanın torpaqları, Azərbaycanın sərvətləri amansızcasına dağıdılır və Azərbaycan Respublikasının inkişafı üçün heç bir tədbir görülmürdü. Məhz belə bir dövrdə Ulu Öndər hakimiyyətə gəlmişdi və Ona olduqca ağır bir miras buraxılmışdı. İkinci dəfə hakimiyyətə gəlişində də acınacaqlı mirasla üz-üzə idi. Lakin Heydər Əliyevin alnının yazısı idi ki, məhz Azərbaycanı yüksəkliklərə qaldırsın və bunu bacardı da. 1969-cu ildən sonrakı illərə diqqət yetirsək görərik ki, sovet sosialist respublikası olan Azərbaycanın bütün sahələr üzrə göstəriciləri sürətlə inkişaf edirdi. Dahi rəhbər Azərbaycan Sovet Sosialist Respublikasının inkişafı üçün əlindən gələni edirdi. 1969-cu ildə Azərbaycanın ciddi kadr çatışmazlığı vardı. Bu da islahatlar aparmaqda çətinliklər yaradırdı. Bu sahədə də ciddi işlər görüldü. Ulu Öndər deyirdi ki, “İndi bizim respublikada xalq təsərrüfatının daha kəskin ehtiyac hiss etdiyi ixtisaslar üzrə Sovet İttifaqının ən yaxşı tədris müəssisələrində hazırlanmış böyük kadr dəstəmiz vardır. Bu il Azərbaycanda cəmi 3600 oğlan və qız Sovet İttifaqının müxtəlif ali məktəblərində 244 ixtisas üzrə təhsil alacaqlar”. Hər il 500-dən artıq gəncin ittifaq əhəmiyyətli universitetlərdə və olduqca əhəmiyyətli ixtisaslar üzrə təhsil aldığı hər birimizə məlumdur. Sonrakı illərdə hərbi sahədə kadrların yetişdirilməsi üçün addımlar atıldı. O vaxt Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbi yaradarkən, Ulu Öndər daha sonrakı illərdə bir etirafı ilə bir daha hər kəsi təəccübləndirə bilmişdi. Dahi şəxsiyyət deyirdi ki, “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm. Cəmşid Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”. Hələ totalitar rejimin at oynatdığı bir dövrdə Dövlət Təhlükəsizlik Komitəsinin zabiti Azərbaycanın üstünlüyünü düşünürdü. Daha sonrakı illərdə Heydər Əliyevin yetişdirdiyi kadrlardan Azərbaycan Respublikasının müstəqilliyi üçün atdığı addımlarda, keçmiş dövrlərdə əsasını qoyduğu islahatlar nəticəsində əldə etdiyi bütün bəhrələrdə istifadə etməsi göstərirdi ki, O, Azərbaycan Respublikasının müstəqilliyi üçün çalışıb.
Qeyd olunub ki, 1982-1987-ci illər Ulu Öndərin həyatında xüsusilə vacib idi. Sovet İttifaqında hakimiyyət iyerarxiyasının ən yüksək mərhələlərinə yüksəlmiş ikinci bir azərbaycanlı yox idi. O, bunu səmimi şəkildə etiraf edirdi. Hələ o dövrdən Ümummilli Lider Azərbaycanın üzərindən diqqətini ayırmamışdı. Ölkəmizdə zavodlar tikilirdi, mədəniyyət müəssisələri fəaliyyət göstərirdi, kənd təsərrüfatı sahəsi inkişaf edirdi, mərkəzdən ayrılan vəsaitin əsas hissəsi Azərbaycanın inkişafına yönəldilirdi. Burada başqa bir məqam da var idi. Mənfur qonşularımız və onların havadarları dəfələrlə Azərbaycan, eləcə də türk soylu millətlərə qarşı müxtəlif təxribatlara əl atırdı. Bu təxribatların hər birinin qarşısı Ulu Öndər tərəfindən ustalıqla alınırdı. Ovaxtkı SSRİ rəhbəri Qorbaçov da erməni havadarları ilə birləşərək erməni soyqırımı kimi saxta iddiaların qəbul olunması layihəsini həyata keçirmək istəyirdilər. Lakin o vaxt Ulu Öndər peşəkarlıqla bu layihənin həyata keçirilməsinin qarşısını aldı. Sonrakı dövrlərdə dahi lider aparılan siyasətlə razılaşmayaraq vəzifəsindən istefa etdi.
Səlahiyyətli nümayəndə Ulu Öndərin Bakıya, oradan isə Naxçıvana qayıtmasından, taleyüklü qərarlar qəbul etməsindən, muxtar respublikanı işğaldan qurtarmasından, yenidən hakimiyyətə gələrək ölkənin hərbi, iqtisadi, mədəni cəhətdən inkişaf etdirilməsi uğrunda atdığı addımlardan, bu istiqamətdə keçirdiyi görüşlərdən danışıb. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasi xətti uğurla davam etdirir. 30 ildən artıq bir müddətdə Azərbaycanda qara yaraya çevrilmiş Qarabağ konflikti artıq tarixin zibilliklərinə atılıb. Qarabağ Azərbaycanın bir parçasıdır. Vətən müharibəsindən sonra yaranmış daha bir reallıq isə respublikamızda böyük bir infrastruktur layihəsi olan Zəngəzur dəhlizi layihəsidir. Bu layihə həm regional, həm lokal, həm də kontinental mənada çox böyük bir təsirə malikdir. Bu mənada Naxçıvan Muxtar Respublikası üçün də Zəngəzur dəhlizi çox böyük perspektivlər açır. Qarşımıza qoyulmuş tapşırıqları layiqincə yerinə yetirəcəyik. Çünki biz Ulu Öndərin siyasi ardıcıllarıyıq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov deyib ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə və Azərbaycanın Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlərlə geniş qeyd olunur, onun əziz xatirəsi ehtiramla yad edilir. Sovetlər Birliyi dövründən başlayaraq Ulu Öndər Heydər Əliyev uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur. O dövrdən başlanan sürətli inkişaf Azərbaycanın bütün regionlarını əhatə edib, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunub, emal və hasilat şəbəkəsi genişlənib. Respublikanın böyük şəhərlərində yeni iş yerləri yaradılmış, əhalinin işlə təminatı yaxşılaşdırılmışdır. Ölkənin elmi, iqtisadi, mədəni, hərbi və bunların vəhdətindən doğan siyasi potensialının yaradılması yolundakı keşməkeşli fəaliyyəti nəticəsində Ümummilli Liderimiz Heydər Əliyev əslində müstəqil Azərbaycanın dövlətçilik əsaslarını işləyib hazırlayıb. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən siyasi çəkişmələr yenicə qazanılmış müstəqilliyi itirmək təhlükəsi yaratmışdı. Ölkədaxili və regional siyasi proseslər Azərbaycanı, eləcə də Naxçıvanı uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac vermişdi. Belə bir dövrdə Ümummilli Liderimizin Naxçıvana qayıtması, 1991-ci il sentyabrın 3-dən 1993-cü il iyunun 9-dək olan müddətdə muxtar respublika Ali Məclisinin Sədri kimi fəaliyyət göstərməsi Naxçıvanı işğaldan, məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi qısa vaxtda həyata keçirdiyi möhtəşəm işlərlə müstəqilliyimizin təməl daşlarını qoymuşdur.
“Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik bütün Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına şərait yaratdığını”,- deyən Azər Zeynalov bildirib ki, üçrəngli bayrağımız ilk dəfə milli liderin sədrliyi ilə Naxçıvanda qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılıb, Naxçıvan SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda iştirak etməyib, digər tərəfdən isə qonşu ölkələrlə münasibətlərə üstünlük verilib. Dahi şəxsiyyətin rəhbərliyi ilə dövlətçiliyimiz naminə həyata keçirilən işlər təkcə bununla məhdudlaşmırdı. Belə ki, xalqımızın başına gətirilən tarixi cinayətə - 20 Yanvar faciəsinə də ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisində siyasi qiymət verilib, həmin günün milli matəm günü kimi qeyd olunması, həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Gününün təsis edilməsi qərara alınmışdı. Ölkəmizin inkişafında əsas hərəkətverici siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası da həmin dövrdə Naxçıvanda yaradılıb, müstəqil Azərbaycanın müasir siyasi tarixinin əsası qoyulub. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması, iqtisadiyyatın dirçəldilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması da diqqətdə saxlanılıb, aqrar islahatların həyata keçirilməsi məqsədilə bir sıra tarixi qərarlar qəbul edilib. Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə ölkə əhəmiyyətli qərarlar qəbul edildiyi bir vaxtda, Azərbaycanın digər bölgələrində bunun əksi – siyasi hərc-mərclik, özbaşınalıq, vətəndaş müharibəsi baş qaldırmışdı. Ölkəmizin məhvə sürükləndiyi belə bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda - Ümummilli Liderimizin böyük siyasətə qayıdışında tapdı. 1993-cü ilin 9 iyununda dahi siyasətçi xalqın təkidli tələbi ilə Bakıya gəldi. Ölkənin parçalanmaq məqamında, iqtisadiyyatın iflic vəziyyətdə olduğu vaxtda bütün məsuliyyəti çiyinlərinə götürən, öz missiyasını xalqa və dövlətə xidmət əsasında quran dahi öndər 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu qayıdış yenicə müstəqillik qazanmış bir dövlətin müqəddəratını həll edən, onu inkişaf və tərəqqi yoluna çıxaran siyasi xəttin başlanğıcı, itirilmiş ümidlərin yenidən canlanması idi.
Qeyd olunub ki, Ümummilli Liderimizin əsasını qoyduğu siyasi xətt hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımız öz xoşbəxtliyini, ölkəmiz isə öz inkişaf və tərəqqisini Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına və bu ideyaların daşıyıcısı olan Prezident İlham Əliyevin siyasi kursuna sədaqətdə görür. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlıq edir. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan öz mövqeyini bildirir və mənafelərini qoruyur. Uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəldib. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər də ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsidir. Bu qələbənin ən mühüm nəticələrindən biri isə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri arasında quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılması olacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin ötən illərdəki siyasi fəaliyyəti göstərdi ki, Ulu Öndərin dəfələrlə öz təsdiqini tapmış siyasi kursunun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Bu gün fəxrlə deyirik ki, ölkəmizin, xalqımızın qazandığı bütün nailiyyətlər Ümummilli Liderimizin siyasi xəttinin təntənəsidir. Bu gün biz bütün varlığı ilə sevdiyi, canından əziz bildiyi Vətəninə, xalqına həyatını, fəaliyyətini həsr edən Ulu Öndərimizin əziz xatirəsini bir daha yad edirik. Onun başladığı böyük siyasi və dövlətçilik fəaliyyətini uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bildirib ki, Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Səbuhi Məmmədov dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə həyata keçirdiyi tədbirlərdən, muxtar respublikanın inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirilib ki, yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa zamanda ümummilli maraqlara əsaslanan və ali dəyərlərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Bu gün Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən, arzularını yerinə yetirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə Vətən müharibəsində qazandığımız parlaq Qələbə dayanır. Ölkə Prezidentinin iradəsi nəticəsində Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadasına son qoyulacaq, muxtar respublika tranzit-nəqliyyat imkanları ilə bütün bölgənin iqtisadi inkişafına öz töhfəsini verəcək.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının III kurs tələbəsi, Heydər Əliyev adına təqaüdçü Məryəm Azadın çıxışları dinlənilib. Çıxışlarda Ulu Öndərin zəngin və şərəfli həyat yolu, siyasi və dövlətçilik fəaliyyətindən, ölkəmizin bütün sahələrdə inkişafının təmin olunması istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən danışılıb. Dahi şəxsiyyətin Azərbaycanı əbədi müstəqilliyə, yüksək rifaha, inkişafa doğru apardığı qeyd edilib, ölkəmizin dünya miqyasında tanınması üçün Ulu Öndərimiz tərəfindən atılan addımlar xüsusi vurğulanıb.Həmçinin ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbənin əldə olunması, birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan xalqı qarşısında xidmətlərindən ətraflı bəhs olunub.
Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün Şuşada səfərdə olarkən Naxçıvanla bağlı söylədiyi fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində Azərbaycan televiziyasının hazırladığı Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Əsrin adamı” filminə baxış olub.
Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyev Asim Əliyevin “Bir nurlu heykəl yarat” şeirini qiraət edib, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdləri tərəfindən konsert təqdim olunub.
Səlahiyyətli nümayəndə səhnə arxasına keçərək kollektivlə söhbət edib, xatirə şəkli çəkdirib.