date saat

17 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri  II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev Naxçıvan Şəhər İcra və Probasiya şöbəsində elektron icra sisteminin işlənməsi prinsipləri və prosedur qaydası ilə tanış olmaq məqsədilə Naxçıvan Şəhər Məhkəməsində olmuşdur. Nazir elektron icra sisteminə baxış keçirmiş və bu istiqamətdə tapşırıqlarını vermişdir.

Qeyd olunmuşdur ki, elektron icranın muxtar respublikada təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə yaradılmışdır. Həmin prosedur icra sahəsində statistikanın düzgün aparılmasına, operativliyin artırılmasına və icra məmurlarının işlərinin asanlaşdırılmasına xidmət edəcəkdir.

İcra məmurları icra prosesi zamanı istifadə etdiyi prosessual sənədlərin avtomatik tərtib edilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, daxil olan hər bir müraciət üzrə icra işinin icraatının elektron izlənilməsi üçün “Elektron icra” sisteminin tətbiqini daha dərindən öyrənməlidirlər.

Hesabatların tez və dürüst tərtib olunması, iş bölgüsünün və kargüzarlıq qaydalarının düzgün aparılmasına diqqət yetirməklə vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi, ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatların gizli saxlanılması və qanunla nəzərdə tutulmuş hallar istisna olunmaqla, belə məlumatların verilməsinin tələb edilməməsi məsələlərinə diqqətlə yanaşılmalıdır.

 

      Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti