date saat
İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və həmin qanun qarşısında bərabərlik, obyektivlik və ədalətlilik prinsipinə əsaslanır. Ədalət mühakiməsinin təkmilləşdirilməsi və məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması sahəsində mütəmadi tədbirlər görülür. İcra orqanlarının fəaliyyətinə köməklik göstərilməsi, icradan yayınan borclular barədə profilaktik tədbirlərin görülməsi işi diqqət mərkəzində saxlanılır.
Nazirliyin İstintaq bölməsinin və İcra və Probasiya şöbəsinin əməkdaşları Babək rayonunda vətəndaşların hüquqlarının və qanuni mənafələrinin qorunması, icradan qəsdən yayınan borcluların hüquqlarının və məsuliyyətlərinin izah edilməsi məqsədilə profilaktik tədbir keçirmişdir. Tədbirdə aliment və digər icra işləri üzrə müraciət edən vətəndaşlar dinlənilmiş, onlara hüquq və vəzifələri izah edilmiş, yaranmış çətinliklərin aradan qaldırılması üçün müzakirələr aparılmışdır.
“Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda növbəti seminar Şərur rayonunda təşkil edilmişdir. Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi seminar Şərur rayon bələdiyyələrinin iştirakı ilə keçirilmişdir.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifələrini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edərək bildirmişdir ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaratmışdır. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi, qəbul edilmiş qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılması məqsədi ilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında mütəmadi olaraq seminarların keçirilməsi təşkil olunur.
Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası diqqət mərkəzində saxlanılır. Vətəndaşların məhkəmələr tərəfindən pozulmuş hüquqlarının bərpası, məhkəmə qərarı əsasında borcların vaxtında qaytarılması, aliment öhdəliklərinin yerinə yetirilməsi sahəsində profilaktik tədbirlər davam etdirilir. Bu dəfə icradan qəsdən yayınan borclular barəsində profilaktik tədbirlərin görülməsi məqsədilə nazirliyin əməkdaşları Sədərək rayonunda olmuşlar.
Məhkəmə qərarlarının, habelə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasının qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası daim diqqətdə saxlanılır. Əməkdaşlarımız tərəfindən icra sənədi üzrə icradan yayınan borclular barədə Sədərək Rayon İcra və Probasiya Bölməsinin icraatında olan aliment tələbinə dair profilaktik söhbətlər aparılmışdır. Qəbulda iştirak edən dörd nəfər borcluya hüquqları izah edilmiş, onlara aliment borcunun vaxtında qaytarılmamasının məsuliyyəti barədə məlumat verilmişdir.
Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda bələdiyyələrin maarifləndirilməsi məqsədilə növbəti seminarlar Kəngərli və Sədərək rayonlarında keçirilmişdir.
Keçirilən seminarlarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifələrini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edərək bildirmişdir ki, seminarların keçirilməsinin əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, bələdiyyə qanunvericiliyinin öyrənilməsi və tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasıdır.
Bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində qanunla onlara verilən səlahiyyətlərdən səmərəli istifadə etməli, yerli əhalinin üzləşdiyi sosial problemlərin həllində daha fəal olmalı və fəaliyyətlərində qanunçuluğa əməl olunmasını təmin etməlidirlər. Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri bələdiyyələrin işinin təşkilinə kömək etmək və onlara metodoloji yardım göstərmək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməkdir. Bələdiyyələrdə aparılan işin təşkilinə köməklik göstərilməsi və mövcud nöqsanların aradan qaldırılması məqsədilə hər bir bələdiyyəyə ayrılıqda tövsiyə məktubları göndərilmişdir.