date saat
Şahbuz rayonunda Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda növbəti seminar təşkil edilmişdir. Rayonda fəaliyyət göstərən bələdiyyələr üçün təşkil edilən seminarda bələdiyyə mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi, dövlət reyestrində qeydiyyatının əhəmiyyəti, mülkiyyətin tənzimlənməsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə toxunulub.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidaretmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsində bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edərək bildirib ki, dövlət müstəqilliyimizi əldə etdikdən sonra bələdiyyə sahəsində bir sıra qanunlar qəbul edilmiş, yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, onların inkişafı üçün əlverişli şərait yaratmışdır. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi, qəbul edilmiş qanunvericilik aktlarının mahiyyətinin öyrənilməsi və düzgün tətbiq edilməsi məqsədi ilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında mütəmadi olaraq seminarların keçirilməsi təşkil olunur.
Ədliyyə Nazirliyinin və Hərbi Prokurorluğun birgə təşkilatçılığı ilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində bir qrup hərbi sürücünün iştirakı ilə profilaktik seminar keçirilmişdir. Ümumqoşun Ordusunun hərbi sürücüləri üçün təşkil edilən seminarda yol nəqliyyat hadisələri, hadisələrin növləri, səbəbləri, qarşısının alınması üsulları, müxtəlif yol şəraitlərində avtomobil idarə etmənin üsulları məsələlərinə toxunulmuşdur.
Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekpertizaları bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov “Müxtəlif yol şəraitlərində avtomobil idarə etmənin üsulları” mövzusunda çıxış edərək bildirib ki, aparılmış araşdırmalardan məlum olur ki, hərbi hissələrdə baş verən yol nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin avtomobili qeyri-peşəkar idarə etməsi və yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş vermişdir. Hər il baş verən yol-nəqliyyat hadisələrində insan həyatının itirilməsi ilə yanaşı böyük maddi ziyanlarda meydana gəlir. Bu da göstərir ki, hərbi hissələrdəki sürücülərin yol hərəkət qaydaları ilə bağlı bilikləri yenilənməli və təkmilləşdirilməlidir. Payız-qış mövsümündə havaların yağıntılı olması yol səthinin sürüşkən olmasına səbəb olur ki, bu da sürücülərdən daha cox diqqət tələb edir.
Naxçıvan Şəhər Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin təqdimatı keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri, ixtisaslaşdırılmış, rayon (şəhər) məhkəmələrinin sədr və hakimləri, Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinin əməkdaşları, rayon (şəhər) İcra və Probasiya şöbə və bölmələrinin rəisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından bəhs edib.
“Elektron məhkəmə” informasiya sisteminin əhəmiyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, bu sistem əhatəli olmaqla özündə 130 milyona yaxın məlumatı əks etdirir, mürəkkəb mexanizmləri ehtiva edir və çoxsaylı komponentlərdən ibarətdir.
Muxtar respublikada elektron medianın inkişafı daim diqqətdə saxlanılır. Görülən işlər, göstərilən diqqət və qayğının nəticəsində ictimaiyyət nümayəndələri dövlətdə, cəmiyyətdə və həyatın digər sahələrində baş verən hadisələr haqqında dəqiq, dolğun və operativ şəkildə məlumat alırlar. Ədliyyə Nazirliyi də müasirləşən informasiya axarına qoşulmaq məqsədilə öz saytını yeniləyərək ictimaiyyətin istifadəsinə vermişdir. Müasir standartlara cavab verən sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar baxımından əsaslı şəkildə yenilənmişdir. Saytın sturukturu təkmiləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilmişdir.
Sayt 7 bölmə və 21 altbölmədən ibarətdir. Ümumi görüntünü özündə əks etdirən “Əsas səhifə”də muxtar respublikda baş verən ictimai, siyasi xəbərlər və nazirliyin fəaliyyət istiqamətinə uyğun məlumatlar istifadəçilərin diqqətinə çatdırılır.