date saat
“Daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının əsasları və bələdiyyə torpaqlarından təyinatı üzrə istifadə edilməsi” mövzusunda Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə bələdiyyələrin maarifləndirilməsi məqsədilə növbəti tədbir Babək rayonunda keçirilmişdir.
“Yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində bələdiyyələrin vəzifələri” mövzusunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifələrini icra edən kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov çıxış edərək bildirdi ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra yerli özünüidarənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmişdir. Bütövlükdə ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində qanunla onlara verilən salahiyyətlərdən səmərəli istifadə edilməsi sahəsində səylərini ilbəil daha da artırırlar.
Qeyd etmişdir ki, ölkəmizdə yerli özünüidarənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilərək bələdiyyə faəliyyətini tənzimləyən bir çox qanunlara əlavələr və dəyişikliklər edilmiş, yeni normativ hüquqi aktlar qəbul olunmuşdur. Bu dəyişikliklər bələdiyyələrin daşınmaz əmlakın dövlət reyestrindən vergiyə cəlb edilən daşınmaz əmlak və onun mülkiyyətçiləri barədə məlumatlar almaq imkanını reallaşdıraraq əmlak vergisi ödəyicilərinin uçotunun aparılmasında və verginin toplanması işində bələdiyyələrin imkanlarının artırılmasına öz müsbət təsirini göstərir.
“Daşınmaz əmlaka hüquqların yaranması və torpaq münasibətlərinin tənzimlənməsi” mövzusunda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Oqtay Məmmədov çıxışında qeyd etmişdir ki, dövlət quruculuğunda aparılmış köklü islahatlar nəticəsində respublikamızda ardıcıl və sistemli iqtisadi proqramlar işlənib hazırlanmış, yeni mülkiyyət münasibətləri, eyni zamanda mülkiyyət hüquqlarının qeydiyyatı, müdafiəsi və toxunulmazlığı ilə bağlı qanunvericilik bazası formalaşdırılmışdır. Qanunvericiliyin tələblərinə əməl edilməsi bələdiyyələr tərəfindən daim diqqətdə saxlanmalıdır.
“Bələdiyyə torpaqlarından istifadə edilməsinin qaydaları və torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması” mövzusunda Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov çıxışında qeyd etdi ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli və məqsədli təyinatı üzrə istifadə edilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı ilə həyata keçirilir. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir.
Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyələrin mülkiyyət hüququ və yerli büdcələrin tərtib edilməsinin hüquqi əsasları” mövzusunda çıxış edərək bildirdi ki, bələdiyyələr öz maddi və maliyyə vəsaitlərindən istifadə edilməklə bələdiyyə ərazisinin abadlaşdırılması, əhaliyə kommunal xidmətlər göstərilməsi, müvafiq ərazi əhalisinin məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün zəruri məhsulların istehsalı, xidmətlərin göstərilməsi və digər işlərin görülməsi üçün sifarişçi kimi iştirak edə bilərlər.
Yerli büdcələr bələdiyyə büdcələrindən ibarətdir və həmin büdcələrin tərtibini, təsdiqini və icrasını, onların icrasına nəzarəti bələdiyyələr müstəqil həyata keçirirlər. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən büdcə təsnifatı eyni zamanda yerli büdcənin gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasını nəzərdə tutur. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır. Yerli büdcənin icrası “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
Sonda seminar iştirakçılarına “Yerli büdcənin tərtibi”, “Metodik sənədlər toplusu” və “Bələdiyyələrlə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu” vəsaitləri təqdim edilərək verilən suallar ətraflı cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti