date saat
Naxçıvan Muxtar Respublikası rəhbərliyinin qayğısı sayəsində muxtar respublikada bütün sahələrdə olduğu kimi, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır. Onların ictimai-sosial həyatda iştirakı, istedadlarının üzə çıxarılması və məşğulluqlarının təmin edilməsi istiqamətində muxtar respublikada ardıcıl tədbirlər görülür. Bu da onların özünüməşğulluğunu təmin etməklə yanaşı, həm də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunub saxlanılmasında mühüm əhəmiyyət daşıyır.
Oktyabrın 4-də Ədliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışında iştirak etmişlər. Bələdçi tərəfindən sərgi-satışda nümayiş olunan əl işləri barədə məlumat verilmişdir. Ümumilikdə 305 istedadlı qadının 3926 əl işi nümayiş olunur. Sərgidə yağlı boya ilə işlənən təbiət mənzərələri, xalçalar, milli geyimlər, toxuculuq nümunələri, dekorativ tətbiqi sənət nümunələri maraqla qarşılanıb.
Sərgi-satışda sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işləri ilə yanaşı, texniki yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, tam orta məktəblərin şagirdlərinin, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların da əl işləri sərgilənir. Muxtar respublika qadınları ictimai həyatda fəal iştirak edir, sosial-iqtisadi, elmi və mədəni inkişafa öz töhfələrini verirlər. Xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınlara da diqqət göstərilir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri Suliddin Əliyev və nazirliyin kollektivi özləri üçün hədiyyəlik əl işləri də alıblar. Ədliyyə naziri Suliddin Əliyev nazirliyin kollektivi adından sərgi-satışın iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti