date saat

Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi, icradan qəsdən yayınan borclular barədə qanunvericiliyin tələblərinə uyğun olaraq profilaktik tədbirlərin görülməsi, barəsində icra işi olan borcluların hüquqlarının və məsuliyyətlərinin izah edilməsi məqsədilə nazirliyin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. 

İcradan yayınan borclularla aparılan profilaktik söhbətlərin davamı olaraq növbəti tədbir Şərur rayonunda keçirilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan aliment tələbi ilə bağlı ödənişləri gecikdirən altı vətəndaş qəbulda iştirak etmiş, alimentin ödənilməsi ilə bağlı tərəflər dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində tərəflər arasında müzakirələr aparılmışdır. Borclulara məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburiliyi izah olunmuşdur.

Qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məcburi icra tədbirləri ilə bağlı geniş məlumat verən əməkdaşlar borclulara icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə yaranmış məsuliyyət barədə məlumat vermişdir. 

 

     Naxçıvan Muxtar Respublikası

 Ədliyyə Nazirliyinin mətbuat xidməti