date saat
Ədliyyə Nazirliyinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının hərbi sürücüləri üçün “Yol-nəqliyyat hadisələri və onların qarşısının alınması” mövzusunda seminar keçirilmişdir.
Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekpertizaları bölməsinin böyük eksperti I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov bildirmişdir ki, son dövrlərdə hərbi hissələrdə qeydə alınan yol nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin avtomobili diqqətsiz idarə etməsi və yol hərəkəti qaydalarına etinasız yanaşmaları nəticəsində baş verir.
Sürücülər xidməti vəzifə ilə bağlı əsasən dağ yolları və nahamar yollarla hərəkət etdikləri üçün yola düşməzdən əvvəl nəqliyyat vasitəsinin sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Hər bir sürücü bilməlidir ki, aslfalt-beton örtüklü olmayan yollarda və nahamar yolarda avtomobil şinləri ilə yol səthi arasında faktiki təmas az oduğundan bu cür yollarda nəqliyyat vasitəsi yol şəraitinə uyğun olmayan sürətlə və qeyri-normal idarə edildikdə daha tez idarə olunmaz vəziyyətə düşür və onun tam dayanma yolu daha uzun olur. Buna görə də bu cür yollarda hərəkət edərkən sürücü yol şəraitinə uyğun olan sürətlə hərəkət etməlidir ki, hərəkət üçün hər hansı təhlükə yarandıqda idarə etdiyi avtomobili təhlükəsiz olaraq dayandıra bilsin.
Qeyd edilmişdir ki, sürüşkən yollarda hərəkət edərkən sürücü elə sürət seçməlidir ki, hər hansı səbəbdən avtomobildə kəskin tormozlama aparmasın. Sürüşkən yollarda kəskin tormozlama apardıqda avtomobilin yana qaçması baş verir ki, buda avtomobilin tarazlığının tez pozulmasına səbəb olur. Sürücü avtomobilin yana sürüşməsinin qarşısını almaq üçün sürüşmə zamanı tormoz pedalından deyil qaz pedalından istifadə etməli və mərkəzdən qaçma qüvvəsinin təsiri ilə avtomobili öz əvvəlki vəziyyətinə qaytarmalıdır.
“Baş vermiş yol-nəqliyyat hadisələri və onların nəticələri” mövzusunda çıxış edən Hərbi Prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Rəşad İsmayılov qeyd etmişdir ki, yol hərəkəti qaydaları yol hərəkətinin iştirakçıları tərəfindən nəqliyyat vasitəsinin hərəkətinin və istismarının təhlükəsizlik qaydaları pozulduqda, nəqliyyat vasitəsinin tormozlama, manevr və digər xüsusiyyətlərində çatışmazlıqlar olduqda hadisələr baş verə bilər. Sürücülər tərəfindən dağ yollarında sürət həddinin aşılması, kəskin tormozlama aparılması, manevr qaydalarına riayət olunmaması nəticəsində bədbaxt hadisələr ola bilər. Bu cür halların qarşısının alınması üçün avtomobili saz vəziyyətdə saxlamaq və nəqliyyat vasitəsini etinasız idarə etməmək lazımdır.
Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekpertizaları bölməsinin eksperti I dərəcəli ədliyyə qulluqçusu Azər Məmmədov çıxışında qeyd etmişdir ki, qəza hallarının baş verməsi insanların həlakına, müxtəlif bədən xəsarətləri almasına, hətta ömrünün qalan hissəsini əlil olaraq yaşamasına, sürücülərin məsuliyyətə cəlb olunmasına, cəzalandırılmasına və nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və başqa maddi itkilərə səbəb olur. Hərbi sürücülər tez-tez banında adamlar daşınan nəqliyyat vasitələri idarə edirlər. Sürücülər tərəfindən şəxsi heyətin təlimatlandırılmasına baxmayaraq avtomobil hərəkətdə olan zaman sərnişinlər ayağa qalxır və xəsarət alırlar. Bu cür halların qarşısının alınması üçün təlimatlandırmanı və nəzarəti daha da gücləndirmək lazımdır. Yağışlı havalarda, məhdudiyyətli görmə şəraitində, sutkanın qaranlıq vaxtında sürücülər diqqətli olmalıdırlar. Nəqliyyat vasitələri ilə maneənin vurulması, nəqliyyat vasitələrinin aşması hadisələrinin baş verməsi əsasən sürücülər tərəfindən hərəkət təhlükəsizliyini təmin etməyən idarəetmə hərəkətləri ilə digər hərəkət iştirakçılarına təhlükə şəraiti yaradılması, sürət həddinin vaxtında azadılmaması ilə əlaqədar olmuşdur. Bunun üçün sürücülər yol hərəkətinin texniki tələblərinə əməl etməli, hərəkət təhlükəsizliyi ilə bağlı lazımi vərdişlərə yiyələnməlidir. Sürücülər xəstəlik, yuxusuzluq və yorğunluq hallarında da nəqliyyat vasitəsi idarə etməməlidir. Bu cür hallar sürücünün hər hansı təhlükə qarşısında düzgün manevr etməsini çətinləşdirir və nəticədə qəza baş verməsinə səbəb olur.
“Qaydaları pozan sürücülərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması” mövzusunda çıxış edən Hərbi Prokurorluğun İstintaq şöbəsinin rəisi ədliyyə mayoru Bəhruz Məmmədov bildirmişdir ki, sürücülər yol hərəkəti qaydalarına riayət etməli, özünü, nəqliyyat vasitəsində olan sərnişinləri, piyadaları və digər hərəkət iştrakçılarını, sürücülərə təhkim olunmuş nəqliyyat vasitəsini qorumağa, hərəkət təhlükəsizliyini təmin etməyə çalışmalıdır. Etinasızlıq və qanun pozuntusu cinayət və inzibati məsluyyətin yaranması ilə nəticələnir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti