date saat
Avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Ordubad rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici seminar təşkil edilib. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Elçin Hüseynov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxışları dinlənilib.
Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi istiqamətində profilaktiki tədbirlər həyata keçirilir. Bu məqsədlə növbəti maarifləndirici tədbir nazirliyin İcra və Probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları tərəfindən Ordubad rayonunda təşkil edilmişdir.
Görüş zamanı rayon icra və probasiya bölməsinin icraatında olan icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, onlara məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar qanunvericiliyin tələbləri izah olunmuşdur.
Avqustun 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçuları üçün “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda seminar təşkil edilib.
Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov seminarın əhəmiyyəti barədə məlumat vermiş, maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini vurğulamışdır.