date saat

Avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Ordubad rayonunda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda maarifləndirici seminar təşkil edilib. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Elçin Hüseynov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” və Nərminə Əlizadənin “İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda çıxışları dinlənilib. 

Vurğulanıb ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması zamanı icra nümayəndəliklərində qanunvericiliyin tələblərinə əməl olunması, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. İcra nümayəndələri müvafiq sahə üzrə onlara verilən səlahiyyətləri həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa  və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsaslanmalıdırlar. 

Bildirilib ki, Ədliyyə Nazirliyinin əməkdaşları mütəmadi olaraq icra nümayəndəliklərində aparılan qeydiyyat və notariat əməliyyatları ilə bağlı tərtib olunan sənədlərə baxış keçirir, yol verilən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görürlər. Eləcə bu istiqamətdə maarifləndirici seminarlar təşkil edilir, zəruri metodiki köməkliklər göstərilir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar ətraflı cavblandırılmışdır. 

 

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti