date saat

Avqustun 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və qulluqçuları üçün “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda seminar təşkil edilib.

Şahbuz Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Söhrab Kərimov seminarın əhəmiyyəti barədə məlumat vermiş, maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini vurğulamışdır.

Bələdiyyələrlə  iş  mərkəzinin  rəisi Xəyal Eyvazov qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında bazar məzənnəsi nəzərə alınmaqla həyata keçirilməlidir. İcarə müqaviləsində tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin statusu, öhdəliklər, müqaviləyə xitam verilməsinin əsasları və digər şərtlər nəzərdə tutulur.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, bələdiyyə torpaqlarının idarə edilməsi torpaq münasibətlərini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir və bu sahədə ölkəmizdə zəruri qanunvericilik bazası yaradılmışdır. Torpaq qanunvericiliyinin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanunvericilik bölməsinin rəisi Ayaz Məhərrəmov diqqətə çatdırıb ki, bələdiyyələr “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyə qərarları qanunvericiliyin tələblərinə uyğun hazırlanmalı, qərarların mətni aydın və anlaşılan formada tərtib edilməlidir.                 

Sonda qanunvericilik əsasında bələdiyyə qərarlarının  və icarə müqavilələrinin tərtib edilməsi qaydaları barədə iştirakçılar ətraflı məlumatlandırılmış, mövzu ətrafında geniş müzakirələr aparılmış, verilən suallara aydınlıq gətirilmişdir.

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti