date saat
Probasiya əsasən insan hüquqlarına hörmət, şəxsiyyətə alçaldıcı davranışlardan çəkindirən bir yanaşma formasıdır. Ümumiyyətlə, probasiya nəzarəti dedikdə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli alternativ tədbirlər sistemi nəzərdə tutulur.
Probasiya nəzarəti ilk dəfə olaraq Amerikada tətbiq olunub. Müasir dövrdə isə dünyanın bir sıra ölkələrində, xüsusən də Avropada fərqli şəkildə fəaliyyət göstərir. Müstəqillik əldə etdikdən sonra ölkəmizin hərtərəfli inkişafına və tərəqisinə yönələn kompleks tədbirlər ədliyyə və məhkəmə sistemini də əhatə edibdir. Bu istiqamətdə cinayət mühakimə sistemində aparılan islahatlardan biri də probasiya sisteminin yaradılması olubdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Probasiya xidməti təsis edilmişdir. Bu Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin probasiya sahəsində fəaliyyət istiqaməti yaradılmışdır.
İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələrə, nazirliyin 2021-ci ilin birinci yarımilində gördüyü işlərə dair kollegiya iclası keçirilib. Kollegiyanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, qanunçuluq prinsipinə daim sadiq qalan nazirlik hesabat dövründə fəaliyyət istiqamətləri əsasında hüquqi maarifləndirmə, təbliğat və profilaktika sahəsində apardığı işləri davam etdirmişdir. Penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, məhkumların hüquqlarının təmin olunması və məhkumların gündəlik təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Yoluxucu xəstəliklərin cəzaçəkmə müəssisələrinə keçməsinin qarşısının alınması, cəza çəkən şəxslərin sağlamlığının qorunması istiqamətində tədbirlər görülmüş, cəzaçəkmə müəssisələrində mütəmadi olaraq kompleks dezinfeksiya işləri həyata keçirilmişdir.
Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif ekspertiza sahələri üzrə tədqiqatı aparılan 162 ekspertiza işinin 128-ə rəy, 9-a isə arayış verilmiş, 13 ekspertiza işi icra olunmadan geri qaytarılmış, 6 işin icraatı vəsatət verildiyindən dayandırılmış, 6 ekspertiza işinin icrası isə hazırda davam etdirilir.
Hesabat dövrü məhkəmə və digər orqanların qərarlarının vaxtında icra olunmasına nəzarət artırılmışdır. Birinci yarımildə icra və probasiya şöbə və bölmələrinin icraatına 3361 icra sənədi daxil olmuş, bunlardan 1156 iş tam icra olunmuş, 1939 iş icraya yönəlmiş, 132 iş geri qaytarılmış, 134 iş ərazi aidiyyəti üzrə göndərilmiş, 104 nəfər borclu barəsində axtarış qərarı verilmişdir.
Bu il iyulun 1-dən ölkəmizdə mübahisələrin barışıqla yekunlaşmasına xidmət edəcək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Artıq əvvəllər birbaşa məhkəmələrdə baxılmalı olan müəyyən kateqoriya işlərə mediasiya prosesi çərçivəsində baxılacaq və həmin prosesi keçmədən qeyd olunan ərizələrə məhkəmələrdə baxılmasına yol verilməyəcək. Dövlətin çiyinlərinə götürdüyü böyük bir işin yeganə məqsədi ondan ibarətdir ki, mübahisələr maksimum tərəflərin qarşılıqlı razılığı ilə onların mənafeyinə uyğun olaraq birdəfəlik həll edilsin.
Mediasiya prosesi mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışığa əsaslanır. Ona görə insanlar bu prosesin mahiyyətini dərk etməli və onların tətbiqinə qarşılıqlı çalışmalıdırlar. Bəs mediasiya nədir? Mediasiya tərəflər arasındakı mübahisənin mediatorun köməyi ilə könüllü olaraq həlli ilə bağlı qurulmuş bir prosesdir. İnsanlar bu prosesdə iki istiqamətdə iştirak edəcəklər. Birincisi, tərəflər müəyyən kateqoriya işlər üzrə mübahisə edənlər mütləq mediasiyadan (məcburi mediasiya) keçməlidirlər. Mediasiya prosesindən keçməsələr onların ərizələri məhkəmələr tərəfindən baxılmağa qəbul edilməyəcək. İkincisi isə tərəflər özləri əvvəlcədən mübahisəyə mediasiyada baxılması barədə razılığa gəlmiş olsunlar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istənilən mülki iş və iqtisadi mübahisə (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə mediasiya prosesində baxıla bilər.