date saat

Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi istiqamətində profilaktiki tədbirlər həyata keçirilir. Bu məqsədlə növbəti maarifləndirici tədbir nazirliyin İcra və Probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları tərəfindən Ordubad rayonunda təşkil edilmişdir.

Görüş zamanı rayon icra və probasiya bölməsinin icraatında olan icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, onlara məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar qanunvericiliyin tələbləri izah olunmuşdur.

Borclulara icra məmurunun tələblərinin hüquqi şəxslər və fiziki şəxslər üçün məcburiliyi barədə məlumat verilmiş və qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İcra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.

Sonda icra işləri üzrə borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti