date saat
Əsas fəaliyyət istiqamətlərimizdən olan məhkəmə qərarlarının icrası və hüquqi maarifləndirmə daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə muxtar respublikanın şəhər və rayonlarında adıcıl tədbirlər həyata keçirilir. Məhkəmə qərarlarının və digər orqanların aktlarının vaxtında təmin olunması üçün nazirliyin əməkdaşları və icra qurumları tərəfindən mütəmadi olaraq zəruri icra tədbirləri görülür, bununla belə borclular tərəfindən icradan qərəzli boyun qaçırılır, bəzən aliment işləri üzrə ödəmələrin aparılmasına laqeyd yanaşılır. Bu halların aradan qaldırılması üçün nazirliyin əməkdaşları vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi sahəsində profilaktik tədbirlər görür, icradan yayınan borclular barədə mütəmadi olaraq iş aparır. Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan və icrası məcburi xarakter daşıyan məhkəmə qərarlarının vaxtında icra olunması üçün bütün tədbirlər görülür, icradan qəsdən yayınan borclularla profilaktik görüşlər keçirilir.
Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətimizin həyatında bir çox mühüm dəyişikliklər baş vermişdir. Təbii ki, köklü dəyişikliklər, o cümlədən mülkiyyətin müxtəlif forma və növlərinin mövcudluğu, torpaqla bağlı münasibətlərin hüquqi tənzimlənməsini tələb edirdi. Məlum olduğu kimi, kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaqların statusunun, hüquqi rejiminin, torpaq və digər təbii ehtiyatlardan istifadə edilməsinin qanunvericilik əsasları olmalıdır və ölkəmizdə bununla bağlı zəruri hüquqi baza yaradılmışdır.
Torpaq Məcəlləsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququ ilə əldə edə bilərlər. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə bələdiyyələr tərəfindən verilir.
Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sessiyalarında verilən tapşırıqları daim diqqətdə saxlayır, icra və probasiya xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, mövcud problemlərinin həlli məsələlərinə nəzarət edir, eyni zamanda bu sahədə işin vəziyyəti vaxtaşırı müzakirə edilərək müvafiq qərarlar qəbul edilir. Növbəti belə tədbir sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Müşavirədə müvafiq dövr ərzində həyata keçirilən icra işlərinin ümumi sayı, kateqoriyalar üzrə statistikası, icra işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.