date saat
Ölkəmiz müstəqillik qazandıqdan sonra yeni mərhələyə qədəm qoyan hüquq islahatları, eyni zamanda cəza siyasəti daha mütərəqqi amal və niyyətlərə söykənməyə başladı. Belə ki, cəza sisteminin müasir dövrün tələblərinə və ictimai inkişaf tempinə uyğun olaraq qurulması ilə cinayətkarlığa təsir edən yeni cəza sistemi formalaşdı. Cəza təyinetmə zamanı cinayətin ağırlıq dərəcəsi və bir çox səbəblər nəzərə alınır ki, cəza öz sosial mahiyyətinə nail olsun. Eyni zamanda cəzanın çəkilməsi ilə yanaşı, ondan azad olmanın şərtləri müvafiq qanunvericiliklərlə tənzimlənir. Cəzadan azad etməyə əfvetmə və amnistiya aktları, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslar daxildir.
Əfvetmə və amnistiya institutları hüquqa və qanunvericilik sisteminə yad olmasa da, onların geniş tətbiqinə müstəqillik illərində başlanılmışdır. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür və fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Qeyd edək ki, “Əfvetmə haqqında Əsasnamə” 2001-ci ildə təsdiq edilib və həmin Əsasnamə ilə konkret cəza növləri üzrə əfvetmə barədə müraciətin müddətləri müəyyənləşdirilmişdir. İslah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxs barədə hökm qanuni qüvvəyə mindikdən sonra müraciət oluna bilər. Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş şəxslər isə törədilən cinayətlərin təsnifatına görə, az ağır cinayət törətməyə görə cəza müddətinin ən azı üçdəbir hissəsini, ağır və xüsusilə ağır cinayət törətməyə görə cəza müddətinin ən azı yarısını çəkdikdən sonra, ömürlük azadlıqdan məhrum edilən şəxslər isə cəza müddətinin on ili keçdikdən sonra əfv üçün müraciət edə bilərlər. Bu zaman məhkumun cəzası azaldıla, yaxud ölkə Prezidentinin qərarı ilə tamamilə ləğv edilə bilər. Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.