date saat
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən demokratik və hüquqi islahatlar nəticəsində son illər böyük sosial-iqtisadi tərəqqi əldə olunmuş, dinamik inkişaf həyatımızın bütün sahələrini əhatə etmişdir. Bu tərəqqi demokratik təsisatların möhkəmlənməsinə, səmərəli idarəetmə mexanizminin yaradılmasına, demokratik ənənələrin təkmilləşərək həyat normasına çevrilməsinə şərait yaratmışdır. Bu gün dövlətin və cəmiyyətin maraqlarının düzgün uzlaşdırılması sayəsində dövlət idarəçiliyinin tərkib hissəsi olan yerli özünüidarəetmə təkmilləşmişdir. Ümummilli lider Heydər Əliyev yerli özünüidarəetmənin yaradılmasını ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir hissəsi hesab etmiş, onun inkişafına çox böyük qayğı göstərmiş, bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmişdir. Bu gün bələdiyyələr getdikcə daha da formalaşır, maliyyə və digər imkanları genişlənir. Bu sahədə əldə olunan uğurlar isə dövlətin bilavasitə qayğısı və diqqəti nəticəsində qazanılır.
Ədliyyə Nazirliyi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsini və vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrasını müntəzəm olaraq nəzarətdə saxlayır. Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında icradan yayınan borclularla görüşlər təşkil edilir.
Növbəti görüş martın 11-də Sədərək rayonu üzrə aliment və pul ödənişləri üzrə borclularla təşkil edilmişdir. Görüş zamanı Ədliyyə Nazirliyinin aidiyyəti şöbə və bölmələrinin əməkdaşları rayon icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat vermiş, qanunvericiliyin tələblərini izah etmişlər.
Martın 10-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə olunmasının xüsusiyyətləri” mövzusunda seminar keçirilmişdir. Babək rayonunun Şəkərabad Kənd Mərkəzində təşkil edilən seminarda rayon üzrə bələdiyyə sədrləri və qulluqçuları iştirak etmişlər.