date saat
Martın 10-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə olunmasının xüsusiyyətləri” mövzusunda seminar keçirilmişdir. Babək rayonunun Şəkərabad Kənd Mərkəzində təşkil edilən seminarda rayon üzrə bələdiyyə sədrləri və qulluqçuları iştirak etmişlər.
Seminarı giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanaları ilə iş şöbəsinin müdiri Muşfiq Məmmədsoy açaraq bildirib ki, muxtar respublikada bələdiyyə torpaqlarından bələdiyyənin, o cümlədən yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə edilməsi ərzaq bolluğunun yaradılmasına və özünüməşğulluğa müsbət təsir göstərən mühum amillərdəndir.
Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilən vəzifələr barəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov məlumat verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nda bələdiyyələrin üzərlərinə qoyulan vəzifələri diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin aparılması qaydaları haqqında məlumat verərək bildirib ki, bələdiyyələrin torpaq ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi istehsalın artırılmasına və məhsul bolluğunun yaranmasına imkan verir. İstehsalın səviyyəsinin artması idxal olunan məhsulları yerli məhsullarla əvəz etməyə, meyvə-tərəvəz, taxıl, kartof və digər kənd təsərrüfatı məhsullarının istehsalını çoxaltmaqla əhalinin ərzaq təlabatın yaxşılaşdırmağa və kənd yerlərində məşğulluq səviyyəsini yüksəltməyə şərait yaratmışdır.
“Bələdiyyə mülkiyyətinin idarə edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələbləri” Qanunvercilik bölməsinin rəisi Ayaz Məhərrəmov diqqətə çatdırıb. Bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər, bələdiyyə torpaqlarından istifadə və icarəyə verilməsinin şərtləri və qaydaları haqqında qanunvericilklə nəzərdə tutulmuş hallar barədə məlumat verib.
Sonda çıxışlar ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara cavab verilmişdir. Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən seminar iştirakçılarına “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsaitlər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikasının
Ədliyyə Nazirliyinin mətbuat xidməti