date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün 01 fevral 2022-ci il tarixdə elan edilmiş vakansiyaya sənəd qəbulu 01 aprel 2022-ci il tarixədək uzadılıb.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ali hüquq təhsilli, 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.
Fevralın 26-da Ədliyyə Nazirliyinin 2022-ci ilə dair iş planının icrası ilə əlaqədar nazirliyin İcra və probasiya şöbəsinin və yerli şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə növbəti tədris saatı keçirilmişdir. Tədris saatında kadr potensialının inkişafı, kargüzarlıq işinin təşkili, nizam-intizam qaydalarının möhkəmləndirilməsi və etik davranış qaydalarına əməl edilməsi barədə müzakirələr aparılmışdır.
Nazirliyin Kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev mövzu ilə əlaqədar əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, nazirlik tərəfindən icra və probasiya qurumlarının kadr potensialının gücləndirilməsi və icraatda olan sənədlərin vaxtında və düzgün icrası məqsədilə işlər davam etdirilir. Nazirlik icra məmurlarının bilik və bacarıqlarının artırılması məsələsini daim diqqətdə saxlayır və bu məqsədlə mütəmadi olaraq onların peşə kurslarına cəlb edilməsi istiqamətində işlər görür.