date saat
Ədliyyə Nazirliyi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsini və vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrasını müntəzəm olaraq nəzarətdə saxlayır. Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə nazirlik tərəfindən muxtar respublikanın şəhər və rayonlarında icradan yayınan borclularla görüşlər təşkil edilir.
Növbəti görüş martın 11-də Sədərək rayonu üzrə aliment və pul ödənişləri üzrə borclularla təşkil edilmişdir. Görüş zamanı Ədliyyə Nazirliyinin aidiyyəti şöbə və bölmələrinin əməkdaşları rayon icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat vermiş, qanunvericiliyin tələblərini izah etmişlər.
Sonra aliment və pul tələbi ilə bağlı ödənişləri gecikdirən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və iştirakçıların suallarına aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti