date saat
Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarlarının düzgün və vaxtında icra olunması diqqətdə saxlanılır, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları tərəfindən bu istiqamətdə profilaktika və hüquqi maarifləndirmə işi mütəmadi olaraq davam etdirilir. İcra sahəsində növbəti profilkatiki tədbir aprelin 7-də Şərur rayonunun Danyeri Kənd Mərkəzində keçirilib. Tədbirdə Şərur rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işləri üzrə borclu şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov açaraq məhkəmə və digər orqanların qərarlarının təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan manelərin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində nazirlik tərəfindən görülən profilaktik tədbirlərin əhəmiyyəti barədə danışıb.
Aprelin 6-da Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Aşağı Əylis Kənd Mərkəzində bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə “Yerli vergilərin və ödənişlərin ödənilməsini tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr və məsuliyyət” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə Ordubad Rayon İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanaları ilə iş şöbəsinin baş məsləhətçisi Reyhun Babayev açaraq tədbirin əhəmiyyətindən danışıb.
Cəmiyyətin idarəetmə sistemində yerli özünüidarəetmə mexanizmi ən vacib təsisatdır. Ona görə də ölkəmizdə yerli özünüidarəetmənin inkişafına lazımi diqqət yetirilmiş, bələdiyyələrin fəaliyyəti üçün zəruri hüquqi baza formalaşmışdır. Azərbaycan xalqının ümummilli lideri qeyd edirdi ki, “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, yerli özünüidarə vətəndaşların təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir hissəsini yerinə yetirmə imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, barabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr yerli özünüidarəetmə orqanı olmaqla əhaliyə ən yaxın idarəetmə formasıdır. Bu baxımdan da Naxçıvan Muxtar Respublikasında yerli özünüidarəetmənin inkişafı üçün hərtərəfli şərait yaradılmış və yerli özünüidarə hüququnun həyata keçirilməsində əhaliyə zəruri köməkliklər göstərilir.