date saat

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilən demokratik və hüquqi islahatlar nəticəsində son illər böyük sosial-iqtisadi tərəqqi əldə olunmuş, dinamik inkişaf həyatımızın bütün sahələrini əhatə etmişdir. Bu tərəqqi demokratik təsisatların möhkəmlənməsinə, səmərəli idarəetmə mexanizminin yaradılmasına, demokratik ənənələrin təkmilləşərək həyat normasına çevrilməsinə şərait yaratmışdır. Bu gün dövlətin və cəmiyyətin maraqlarının düzgün uzlaşdırılması sayəsində dövlət idarəçiliyinin tərkib hissəsi olan yerli özünüidarəetmə təkmilləşmişdir. Ümummilli lider Heydər Əliyev yerli özünüidarəetmənin yaradılmasını ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir hissəsi hesab etmiş, onun inkişafına çox böyük qayğı göstərmiş, bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmişdir. Bu gün bələdiyyələr getdikcə daha da formalaşır, maliyyə və digər imkanları genişlənir. Bu sahədə əldə olunan uğurlar isə dövlətin bilavasitə qayğısı və diqqəti nəticəsində qazanılır.

Ötən dövrdə kollegial orqan olan bələdiyyələrin inkişafı da ölkə başçısı cənab İlham Əliyevin diqqətində olmuş, onların səlahiyyətlərinin artırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dövlətimiz tərəfindən diqqətlə yanaşılmış, yeni normativ-hüquqi aktlar qəbul edilərək mövcud təcrübənin yaxşılaşdırılmasına xüsusi önəm verilmişdir. Son illər regionların və muxtar respublikanın sosial-iqtisadi inkişafına dair, eləcə də ayrı-ayrı sahələrlə bağlı qəbul edilmiş Dövlət proqramlarında bələdiyyələr üçün müəyyən edilmiş tövsiyələr onların daha yaxşı səfərbər olmasına, yerli əhəmiyyətli məsələlərin həllində, abadlıq-quruculuq işlərində fəallıq göstərməsinə, işgüzarlıq meyillərinin artmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikasında yerli özünüidarəetmə institutunun yaradılması və onlara verilən imtiyazlar da dövlətin öz xalqının rahat yaşayışını təmin etmək məqsədinə xidmət edir. Bu məqsədlə muxtar respublikamızda yerli özünüidarəetməni həyata keçirən bələdiyyə fəaliyyətinin inkişafına xüsusi qayğı ilə yanaşılır. Məlumat üçün bildirim ki, hazırda muxtar respublikada 170 bələdiyyə orqanı fəaliyyət göstərir ki, bunlardan da 6-sı şəhər, 8-i qəsəbə və 156-sı kənd bələdiyyəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən bu sahəyə də xüsusi diqqət və qayğı göstərilir. İlk növbədə, qeyd olunmalıdır ki, muxtar respublika rəhbərinin böyük əzmkarlıqla həyata keçirdiyi hərtərəfli abadlıq və quruculuq işlərindən bələdiyyələrə böyük pay düşmüş, onların fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaları üçün lazımi infrastruktur formalaşdırılmışdır. Belə ki, ölkəmizdə yalnız muxtar respublika ərazisində fəaliyyət göstərən bütün bələdiyyə qurumlarına yeni üslubda tikilən şəhər, qəsəbə və kənd mərkəzlərində müasir iş şəraiti yaradılmış, bu gözəl inzibati binalarda onlara otaqlar verilmiş və avadanlıqlarla təmin edilmişlər. Muxtar respublikada hərəkat halını almış abadlıq və quruculuq prosesində bələdiyyələr də öz imkanları çərçivəsində iştirak edirlər. Ali Məclis Sədrinin tapşırığı ilə 2017-ci ilin əvvəlindən etibarən kənd yaşayış məntəqələrində öz ərazi hüdudları daxilində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin bələdiyyələr tərəfindən həyata keçirilməsinə başlanılıb və bu layihə uğurla davam etdirilir. Bu işlərin həyata keçirilməsinə bələdiyyə üzvləri ilə bərabər, bələdiyyə orqanları tərəfindən maliyyələşdirilən və bağlanılmış əmək müqaviləsi ilə işləyən işçilər də cəlb edilmişdir.

Ötən dövrdə kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının vaxtında yığılaraq daşınması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınaraq istifadəyə verilmişdir. Təkcə ötən il 2 dəfə bələdiyyə qurumlarına kommunal təyinatlı nəqliyyat vasitələri və xidməti minik avtomobilləri təqdim edilmişdir. Həmin texnikalar bələdiyyələrin işinin yaxşılaşdırılması ilə bərabər, əhaliyə göstərilən xidmətin də keyfiyyətinin yüksəldilməsinə imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il noyabr ayının 19-da muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikaların verilməsi münasibətilə keçirilən tədbirdə demişdir: “Bələdiyyələr də fəaliyyətlərini qanunauyğun olaraq həyata keçirməlidirlər. Bələdiyyələr, sadəcə, yaradılmış formal təşkilat deyil, onlar seçilmiş təşkilatlardır. Ona görə də əhali ilə qarşılıqlı əlaqə qurulmalı, rayon icra hakimiyyətləri bələdiyyələrlə işə üstünlük verməli, işin səmərəliliyi artırılmalıdır. Bələdiyyələr bu gün dövlətin xalq tərəfindən seçilmiş orqanı kimi fəaliyyətlərini Azərbaycan Respublikasının müvafiq qanununa uyğun qurmalıdır”.

Vətəndaşların dövlətlə daha sıx əlaqəsini təmin edən bələdiyyə idarəetməsi də əsas mahiyyəti etibarilə insan amilini ön plana çəkən, demokratik cəmiyyətlərə aid olan özünüidarəetmə institutudur. Bu gün dövlət dəstəyi ilə bələdiyyə qurumları bir sıra yerli layihələrdə, o cümlədən kənd yerlərində kənd investisiya layihəsi çərçivəsində həyata keçirilən işlərdə, kəhrizlərin bərpasında, kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının işində, yerli ekoloji proqramların həyata keçirilməsində yaxından iştirak edir. Əlbəttə ki, ötən dövrdə bələdiyyə orqanlarının əksəriyyəti bir sıra sosialyönümlü işlər görmüş, əhalinin torpaq, su problemləri ilə yaxından maraqlanmış, su arxlarının qazılıb təmizlənməsi, xeyriyyəçilik, yolların abadlaşdırılması, yaşıllıq zolaqlarının salınması işində fəallıq göstərmişlər. Ümumiyyətlə, bələdiyyələrin yerli əhalinin maraqlarını təmin etmək və bu sahədə səmərəli işləmələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır. Bələdiyyələrin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə kömək edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi bələdiyyələrə metodik köməklik göstərilməsi işini diqqət mərkəzində saxlayır. Nazirlik bələdiyyə üzvləri və qulluqçuları üçün mütəmadi olaraq maarifçilik tədbirləri təşkil edir, tədbirlərin səmərəli keçməsinə kömək etmək məqsədilə bələdiyyə orqanları müxtəlif mövzularda hazırlanmış sənədlərin nümunələrilə və digər metodik vəsaitlərlə, eləcə də onların ehtiyacları öyrənilərək zəruri hüquqi ədəbiyyatla təmin olunurlar. Yerli özünüidarəetmə sahəsində qanunvericiliyin öyrənilməsi və düzgün tətbiq edilməsi, bələdiyyə əmlakının idarə olunması bələdiyyələrin əsas vəzifəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan torpaq islahatları, torpaq ehtiyatlarından istifadənin səmərəliliyini yüksəltməklə yanaşı, həm də əkinçiliyin inkişafına və məhsul bolluğunun yaranmasına səbəb olmuşdur. Xüsusən də kənd yerlərində torpaqlardan səmərəli istifadə edilməsində bələdiyyələrin, torpaq mülkiyyətçilərinin, icarəçilərinin öhdəsində qanunvericiliklə müəyyən olunan vəzifələr qoyulur. Torpaq ehtiyatlarından səmərəli istifadə ilə bağlı ardıcıl tədbirlər çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən torpağın növünə və münbitliyinə görə səmərəli əkin aparılması məqsədilə muxtar respublikanın rayonları üzrə əkin atlasları tərtib edilmiş, torpaq xəritələri, kənd təsərrüfatına yararlı torpaq sahələrinin qida maddələri ilə təminolunma kartoqramları hazırlanaraq bələdiyyə orqanlarına təqdim olunmuşdur. Təbii ki, torpaqlardan səmərəli və təyinatı üzrə istifadə bu günümüzə deyil, həmçinin gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin tərkib hissəsidir. Ötən il may ayının 9-da muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilməsi mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bildirmişdir: “Bu gün ölkəmizin bütün ərazisində yenidənqurma işləri aparılır, torpaqlar istifadə üçün vətəndaşlara verilir. Torpaqlar bələdiyyə, dövlət və şəxsi mülkiyyət olaraq formalaşıb. Buna görə də bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmalı, əkilməli, icarə haqları və müqavilələri düzgün bağlanılmalıdır.”.

Verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi də bu istiqamətdə bələdiyyə orqanları ilə gündəlik iş aparır, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılmasında qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət edir. Onlara bu sahədə nazirlik tərəfindən hazırlanan tövsiyə məktubları göndərir və zəruri metodik vəsaitlərlə təmin edir

Bir sözlə, muxtar respublikada bələdiyyələrin formalaşması, onların fəaliyyətinin artırılması və cəmiyyətimizə daha yaxından inteqrasiya edilməsi sahəsində dövlət dəstəyi fasiləsiz xarakter almışdır. Qeyd olunanları nəzərə alan bələdiyyə orqanları muxtar respublikanın ictimai-siyasi həyatında yaradılan işgüzar şəraitdən, aparılan saysız-hesabsız tikinti-quruculuq işlərindən özləri üçün nəticə çıxararaq həyatdakı mövqelərini möhkəmləndirməli, dövlətin və öz seçicilərinin etimadını qazanmaq üçün səy göstərməlidir.

 

 Səttar ZAMANOV

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı, Naxçıvan Dövlət Universitetinin müəllimi

12 mart 2022-ci ildə "Şərq qapısı" qəzetində dərc edilmişdir