date saat

Aprelin 6-da Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Aşağı Əylis Kənd Mərkəzində bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə “Yerli vergilərin və ödənişlərin ödənilməsini tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr və məsuliyyət” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Ordubad Rayon İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanaları ilə iş şöbəsinin  baş məsləhətçisi Reyhun Babayev açaraq tədbirin əhəmiyyətindən danışıb.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə  iş  mərkəzinin  rəisi,  kiçik ədliyyə müşaviri Xəyal Eyvazov “Yerli vergilərin və ödənişlərin ödənilməsini tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr” mövzusunda çıxış edib. Bildirib ki, bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməklə qanunvericiliklə müəyyən edilən vəzifələri düzgün yerinə yetirməlidirlər. Qeyd olunub ki, yerli vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətlər “Yerli (bələdiyyə)vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən  tənzimlənir.

“Bələdiyyə vergilərinin və ödənişlərin hesablanması, ödənilməsi  və məsuliyyət” haqqında Dövlət Vergi Xidmətinin böyük dövlət müfəttişi Famil Həsənov danışıb. Vurğulanıb ki, dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində, büdcənin formalaşdırılmasında, əhalinin istehsalda birbaşa iştirak etməyən qisminin maddi təminatının yerinə yetirilməsində vergilərin çox mühüm əhəmiyyəti vardır. Yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri qanunvericiliklə tənzimlənir.

Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi” barədə qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

Sonda bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu” və “Dövlət büdcəsindən yerli büdcələrə maliyyə vəsaitinin (dotasiya və subvensiyanın) ayrılmasına və istifadəsinə dair” metodiki vəsaitlər təqdim edilib.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti