date saat
Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarlarının düzgün və vaxtında icra olunması diqqətdə saxlanılır, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Nazirliyin əməkdaşları tərəfindən bu istiqamətdə profilaktika və hüquqi maarifləndirmə işi mütəmadi olaraq davam etdirilir. İcra sahəsində növbəti profilkatiki tədbir aprelin 7-də Şərur rayonunun Danyeri Kənd Mərkəzində keçirilib. Tədbirdə Şərur rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işləri üzrə borclu şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov açaraq məhkəmə və digər orqanların qərarlarının təmin olunması, icradan qərəzli olaraq boyun qaçıran, ödəmələrin aparılmasından yayınan və qərarların icrasına laqeyd yanaşan borcluların icraya cəlb edilməsi, bu sahədə yaranan manelərin aradan qaldırılması, həmçinin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində nazirlik tərəfindən görülən profilaktik tədbirlərin əhəmiyyəti barədə danışıb.
Sonra nazirliyin İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Rahib Səfərov çıxış edərək bildirib ki, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Qərarların icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Qeyd olunub ki, qərarların icrası vətəndaşın dövlətə inamını, etimadını artırmaqla ölkədə ədalət mühakiməsinin yüksək keyfiyyətinə, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına imkan yaradır.
Məhkəmə qərarlarının icra edilməməsinin hüquqi nəticələri barədə nazirliyin İstintaq bölməsinin rəisi, ədliyyə müşaviri Zamin Nəbiyev məlumat verib. Bildirilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan, məhkəmə və digər orqanların qərarları üzrə üzərlərinə düşən öhdəlikləri icra etməyən və ya ödənişləri gecikdirən borclular Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunub ki, icra məmurunun tələblərininin yerinə yetrilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılmış, icra sənədi üzrə nəzərdə tutulan ödəmələrin vaxtında ödənilməsinin vacibliyi vurğulanmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti