date saat
Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları Ədliyyə Akademiyasının distant formada təşkil etdiyi kursda iştirak etmişlər. Kurs “Vətəndaşların müraciətləri və vətəndaş məmnunluğunun təmin edilməsi” mövzusuna həsr edilmişdir.
Kurs hər biri 45 dəqiqə olmaqla iki hissədən ibarət olmuş, ilk hissədə məruzəçi Vəkillər Kollegiyasının üzvü Elxan Quliyev “Ünsiyyət psixologiyası, ünsiyyətin forması” mövzusunda çıxış edib. Məruzəçi ünsiyyətin anlayışı, növləri, formaları üsulları, işçi və işəgötürən arasında ünsiyyət prosesi, işçilərlə davranış qaydaları, ünsiyyət zamanı yarana biləcək mübahisələrin qarşısını almaq üçün davranış xüsusiyyətləri haqqında ətraflı məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin 2022-ci tədris ili üçün birgə təsdiq etdikləri tədbirlər planının icrası istiqamətində işlər davam etdirilir. Aprelin 15-də “Gənclərin qrafologiya məktəbi” layihəsi çərçivəsində universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəis əvəzi Emin Əliyevin təşkilatçılığı ilə “Qrafoloji tədqiqatın aparılmasında ümumi əlamətlər və ümumi üsullar” mövzusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün təlim keçilmişdir.
Emin Əliyev əlyazma mətnlərin icraçısının bir sıra xarakter və xüsusiyyətlərinin müəyyən olunmasında ümumi əlamətlərin və ümumi üsulların əhəmiyyəti barədə məlumat verib. Əlyazma mətnlərin tədqiq edilməsində xəttin quruluşu, sürəti, sətirlərin istiqaməti, sətirlərarası məsafə, sözlərarası məsafə, hərflərin ölçüsü, yazı alətinin basılma qüvvəsi və sair əlamətlər ətraflı izah olunaraq slayt vasitəsi ilə nümunələr göstərilib.