date saat
Yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ədliyyə orqanlarında 2021-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Kollegiyanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, nazirlik əsas fəaliyyət istiqamətlərindən biri olan hüquqi maarifləndirmə, təbliğat və profilaktika sahəsində apardığı işləri davam etdirmişdir. “8 noyabr-Zəfər günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarından irəli gələn vəzifələr icra edilmişdir.
Ölkəmizdə ailə dövlət tərəfindən qorunur və himayə edilir. Konstitusiya və bu sahədə qəbul olunan qanunlar ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Ailə Məcəlləsinin qüvvəyə minməsi ilə ailə münasibətlərinin yaranması və möhkəmlənməsi, onlara xitam verilməsi prinsipləri, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini tənzimləyən normalar müəyyən edilib. Məcəllədə evlilikdən əvvəl gələcək ailə münasibətlərinin planlaşdırılması, o cümlədən, nikah müqaviləsi bağlamaqla, əmlak məsələlərini nizama salmaq kimi vacib müddəalar da əksini tapıb.
Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini məhdudlaşdıran, ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.