date saat

Yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ədliyyə orqanlarında 2021-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Kollegiyanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Daşqın Rəhimov açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, nazirlik əsas fəaliyyət istiqamətlərindən biri olan hüquqi maarifləndirmə, təbliğat və profilaktika sahəsində apardığı işləri davam etdirmişdir. “8 noyabr-Zəfər günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarından irəli gələn vəzifələr icra edilmişdir.

Penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, təhlükəsizlik, islah və tərbiyə işinin səmərəliliyi istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də məhkumların saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Məhkumların sağlamlığının qorunması və tibbi təminatının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq ardıcıl tədbirlər həyata keçirilmişdir.

Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif ekspertiza sahələri üzrə 382 ekspertiza işinin tədqiqatı aparılmış, ümumilikdə 334 rəy, 23 ekspert arayışı tətbiq edilərək aidiyyəti üzrə göndərilmiş, 1 iş üzrə vəsatət verildiyindən icrası müvəqqəti dayandırılmış, 20 iş icra olunmadan geri qaytarılmış, 4 ekspertiza işinin icraatı hazırda davam etdirilir. Ekspertlərin hazırladıqları metodiki vəsaitlər ekspertiza təyin edən orqanlara göndərilmişdir.

Hesabat dövrü məhkəmə və digər dövlət orqanlarının qərarlarının vaxtında və düzgün icra edilməsinə nəzarət artırılmışdır. İl ərzində yerli icra və probasiya qurumlarının icraatına 6123 icra sənədi daxil olmuş, bunlardan 2517 iş tam icra olunmuş, 3044 iş icraya yönəlmiş, 254 iş geri qaytarılmış, 308 iş ərazi aidiyyəti üzrə göndərilmişdir. 354 nəfər borclu barəsində axtarış qərarı verilmişdir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq daxil olmuş müraciətlər vaxtında qeydiyyata alınmışdır. Sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyətinə malik olan dövlət orqanlarına tövsiyə məktubları göndərilmiş, həmin orqanların aidiyyəti nümayəndələrinin iştirakı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası” mövzusunda seminar keçirilmişdir.

İnzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə rayonlarda “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda seminarlar təşkil edilmişdir.

Əhaliyə göstərilən hüquqi xidmətin səviyyəsi artırılaraq dövlət notariat ofisləri tərəfindən 15000 müxtəlif məzmunlu notariat əməliyyatları aparılmış, dövlət büdcəsinə 125125 manat dövlət rüsumu ödənilmişdir. Nikah evləri və qeydiyyat şöbələri tərəfindən 11287 əməliyyat aparılmış və dövlət büdcəsinə 22645 manat dövlət rüsumu ödənilmişdir.

Bələdiyyə orqanlarına qanunvericiliyə əməl edilməsi üçün 10 ədəd tövsiyə məktubu göndərilmiş, bələdiyyə sədrlərinə metodiki vəsaitlər təqdim edilmişdir. Bələdiyyə orqanlarında müxtəlif dövlət orqanları ilə birlikdə aktual mövzularda seminarlar təşkil edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə orqanlarından nazirliyə  daxil olmuş bələdiyyə aktlarının hüquqi ekspertizası keçirilmişdir.

Hüquqi maarifləndirmə və profilaktikanın önəmini nəzərə alan nazirlik bu istiqamətdə tədbirlərini davam etdirmişdir. Hesabat dövrü nazirliyin əməkdaşları Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Dövlət Radiosunda efirə gedən proqramlarda çıxışlar etmiş, “Şərq qapısı” qəzetində, rayon (şəhər) qəzetlərində, elektron informasiya resurslarında məqalələri dərc edilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq, dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələr üçün təlimlər, praktiki dərslər və seminarlar təşkil edilmişdir. Tələbələr 2 dəfə nazirliyə, tabe qurumlara və Naxçıvan bələdiyyəsinə dəvət olunmuş, gündəlik iş prosesi ilə tanış edilmiş, onları maraqlandıran suallara cavab verilmişdir. Gənclər Fondu ilə birlikdə “Məhkəmə simulyasiyası” layihəsi həyata keçirilmişdir. Naxçıvan Dövlət Texniki Kollecinin bələdiyyə işi ixtisası üzrə tələbələri ilə görüş keçirilmişdir.

Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq hesabat dövrü ərzində hüquqi aktların qanunvericiliyə uyğun və vaxtında daxil edilməsi təmin edilmişdir.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə orqanlarında yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ədliyyə qulluqçuları qarşısında qoyulan tələblər, eləcə də ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı verilən bütün tapşırıqların təmin edilməsinin vacibliyi vurğulanıb.

Nazir qeyd etmişdir ki, Cənab Sədrin sahibkarlıq sahəsində, ekspertiza, icra və bələdiyyə fəaliyyəti ilə bağlı qarşımıza qoyduğu tapşırıqlar il ərzində  əsas vəzifələrimizdən olmaqla icrası təmin olunacaqdır. İlk növbədə tapşırıqların icrası istiqamətində görülən işlərə nəzarət gücləndirilməli, nazirliyin bütün xidmət sahələri işə diqqəti daha da artırmalıdır.

Hüquqi maarifləndirmə və profilaktika işi növbəti ildə davam etdirilməli, şəxsi heyətinin əmək və icra intizamına gündəlik nəzarət edilməlidir. Penitensiar müəssisələrdə profilaktika tədbirləri davam etdirilməli, ekspertlərin nəzəri və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə diqqət artırılmalıdır. Məhkəmə qərarlarının düzgün və vaxtında icra olunmasına nail olunmalıdır. Sahibkarlıq sahəsində verilmiş tapşırıqlar diqqətdə saxlanmalı, sahibkarların hüquqları qorunmalıdır. Notariat və qeydiyyat əməliyyatları zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət edilməlidir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət daha da gücləndirilməli, metodiki köməklik və maarifləndirici tədbirlər davam etdirilməlidir.

Məruzə ətrafında Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov; İcra və probasiya şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Kazımov; Bələdiyyələrlə iş mərkəzinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov və Notariat bölməsinin rəisi ədliyyə müşaviri Zülfü İsmayılov çıxış edib, müzakirələr aparılıb.

Kollegiya iclasında nazirliyin 2022-ci ilə dair iş planı və kollegiya qərarı təsdiq edilmişdir. Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov kollegiyanın qərarını əməkdaşların diqqətinə çatdırıb.

Kollegiyaya yekun vuran nazir qeyd etmişdir ki, Ali Məclis Sədrinin nazirlik  qarşısında qoyduğu bütün tapşırıqlar növbəti hesabat dövründə ədliyyə orqanlarında rəhbər götürülməklə icrası təmin ediləcəkdir.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti