date saat

Ölkəmizdə ailə dövlət tərəfindən qorunur və himayə edilir. Konstitusiya və bu sahədə qəbul olunan qanunlar ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Ailə Məcəlləsinin qüvvəyə minməsi ilə ailə münasibətlərinin yaranması və möhkəmlənməsi, onlara xitam verilməsi prinsipləri, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini tənzimləyən normalar müəyyən edilib. Məcəllədə evlilikdən əvvəl gələcək ailə münasibətlərinin planlaşdırılması, o cümlədən, nikah müqaviləsi bağlamaqla, əmlak məsələlərini nizama salmaq kimi vacib müddəalar da əksini tapıb.

Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini məhdudlaşdıran, ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.

Ailə Məcəlləsinə görə, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Nikah müqaviləsi yazılı olur və notariat qaydasında təsdiq edilir. Nikah müqaviləsi nikah pozulduqdan sonra tərəflər arasında əmlakın bölüşdürülməsində əsas sənəd olaraq çıxış edir. Belə ki, ər-arvad boşandığı təqdirdə bu zaman əmlakın nikah müqaviləsinə uyğun olaraq kimdə qalacağı müəyyən olur. Nikah müqaviləsi nikahdan əvvəl və nikahdan sonra bağlanıla bilər. Nikah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər. Nikah müqaviləsi tərəflərin hər ikisinin razılığı ilə dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir.

Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. Nikah müqaviləsi Mülki Məcəllə ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər.

Qeyd edək ki, ər-arvad boşandığı zaman onların əmlakı tərəflər arasında bərabər bölünür. Burada əmlak iki hissəyə ayrılır ki, bunlar nikahdan əvvəl və nikahdan sonrakı dövrü əhatə edir. Nikahdan sonrakı əmlak tərəflər arasında bərabər bölündüyü halda nikahdan əvvəlki əmlak ümumi əmlakdır və tərəflərin öz mülkiyyətidir. Bir çox hallarda nikah müqaviləsinin bağlanmamasına görə boşanan ərarvad ümumi mülkiyyətdə olan əmlakı da birgə mülkiyyət kimi bölünməsini tələb edir. Bu zaman nikah müqaviləsinin olması ər-arvadın nikahdan əvvəlki əmlakının bölünməsinin qarşısını alır. Nikah müqaviləsi olduğu təqdirdə onlar əmlakın müqəddəratını daha öncədən təyin etmiş olurlar. Əgər tərəflər arasında nikah müqaviləsi bağlanmamışdırsa, ərarvadın nikah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Tərəflər nikah müqaviləsi bağlayarsa, qabaqcadan tərəflər bundan fərqli mövqelər müəyyən edə bilərlər. Nikaha daxil olan şəxslər arasında boşanma baş verdiyi halda onların əmlaklarının bölünməsinə görə mübahisələr yaranır. Belə əmlak mübahisələrinin qarşısının alınması üçün ən yaxşı vasitə məhz nikah müqaviləsidir. Nikah müqaviləsi tərəflərin razılığı əsasında bağlanılır. Qeyd etməliyik ki, gələcəkdə ər-arvad arasında yarana biləcək əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərin nikah müqaviləsi bağlaması önəmlidir. Ona görə ki, sözügedən müqavilənin bağlanmaması nəticədə nikah pozularkən bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Nikah müqaviləsinin bağlanması tərəfləri əmlak mübahisəsi mərhələsində yaranacaq mübahisələrdən sığortalayır. Ona görə də vətəndaşlar istər nikahdan öncə, istərsə də nikahdan sonra qanunvericiliyin yaratdığı bu imkandan faydalanmalıdırlar.

İradə QULİYEVA

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı

06 yanvar 2022-ci ildə "Şərqin səhəri" qəzetində dərc edilmişdir