date saat
Ədliyyə orqanları ölkəmizdə hüququn müxtəlif sahələrini əhatə edən inkişaf prosesində, eyni zamanda hüquqi islahatların uğurla həyata keçirilməsi istiqamətində görülən işlərdə müstəsna yer tutur. Müstəqillik əldə etdikdən sonra respublikamızda dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların qəbulu və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər zamanın tələbləri ilə səsləşən, cəmiyyətin inkişafını, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini başlıca amil kimi götürmüşdür. Ötən dövrdə respublikamızın bu sahədə yüksək nailiyyətlər qazanması bilavasitə demokratik cəmiyyət quruculuğuna hesablanmış islahatlarının sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuş, özündə tarixi dəyərləri əks etdirməklə müasir mərhələyə qədəm qoymuşdur. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görülmüş, ədliyyə orqanlarının da üzərinə yeni mühüm vəzifələr qoyulmuşdur.
Müasir dövrdə mediasiya baş vermiş münaqişənin alternativ həlli üsulu kimi qəbul olunur. Hüquq sahəsi üçün tamamilə yeni olan mediasiyanın əsas məqsədi insanları məhkəmədən öncə barışığa gətirmək, mübahisə edən tərəflər arasında razılığın əldə olunmasına çalışmaqdır. Bu institutun tətbiqi vətəndaşların mübahisələrlə bağlı məhkəməyə müraciət imkanlarını asanlaşdırmaq məqsədi daşıyır. Muxtar respublikamızda da mediasiyanın tətbiqi ilə bağlı lazımi işlər həyata keçirilib, Naxçıvanda fəaliyyət göstərən mediatorlar üçün müasir iş şəraiti yaradılıb. Mediasiya tərəflər arasındakı mübahisənin mediatorun köməyi ilə könüllü olaraq həlli ilə bağlı qurulmuş bir prosesdir. İnsanlar bu prosesdə iki istiqamətdə iştirak edirlər. Birincisi, tərəflər qanunla müəyyən edilən kateqoriya işlər üzrə mübahisə edənlər mütləq mediasiyadan keçməlidirlər. Çünki ola bilər ki, tərəflər arasında hər hansısa bir razılıq mediasiya prosesində baş vermirsə, o zaman tərəflər məhkəməyə müraciət etməli olurlar. Bu zaman məcburi mediasiya prosesi mərhələsindən keçməyənlərin ərizələri məhkəmələr tərəfindən baxılmağa qəbul edilmir. İkincisi isə tərəflər özləri əvvəlcədən mübahisəyə mediasiyada baxılması barədə razılığa gəlməlidirlər.