date saat

Probasiya əsasən insan hüquqlarına hörmət, şəxsiyyətə alçaldıcı davranışlardan çəkindirən bir yanaşma formasıdır. Ümumiyyətlə, probasiya nəzarəti dedikdə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli alternativ tədbirlər sistemi nəzərdə tutulur. 

Probasiya nəzarəti ilk dəfə olaraq Amerikada tətbiq olunub. Müasir dövrdə isə dünyanın bir sıra ölkələrində, xüsusən də Avropada fərqli şəkildə fəaliyyət göstərir. Müstəqillik əldə etdikdən sonra ölkəmizin hərtərəfli inkişafına və tərəqisinə  yönələn kompleks tədbirlər ədliyyə və məhkəmə sistemini də əhatə edibdir. Bu istiqamətdə cinayət mühakimə sistemində aparılan islahatlardan biri də probasiya sisteminin yaradılması olubdur. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Probasiya xidməti təsis edilmişdir. Bu Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin probasiya sahəsində fəaliyyət istiqaməti yaradılmışdır.

Ölkəmizdə probasiya nəzarətini bir qayda olaraq nəzarətə götürülən şəxslərin yaşayış yeri üzrə icra məmurları Cəzaların İcrası Məcəlləsi, “İcra haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunları ilə və qanunvericiliklə müəyyən edilmiş digər qaydada həyata keçirirlər. Hər bir probasiya əməkdaşı nəzarətə götürülən şəxslərin hüquq və azadlıqlarına hörmət etməli, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl etməli və vətəndaşların müraciətlərinə qayğı ilə yanaşmalıdır.  İnsan şərəf və ləyaqətinə hörmət, məxfiliyin qorunması, uşaq mənafelərinin nəzərə alınması probasiya xidmətinin əsas prinsipləridir. Bu prinsiplər cinayətkarın cəmiyyətdən təcrid olunmaması məqsədi daşımaqla insan haqlarının və sülhün inkişafına xidmət edir. Çünki cinayət ictimai sabitliyi pozmaqdır. Probasiya nəzarəti cinayət törədənə sosiallaşma imkanı verərək sosial sabitliyi bərpa etmək məqsədi daşıyır.

İcra məmurlarının əsas vəzifəsi məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etməkdən ibarətdir. Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir. Dünyanın  müxtəlif ölkələrində tətbiq edilən bu rejim azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məkum olunmuş şəxslərin müəyyən şərtlərə əməl etməklə azadlığa buraxılmasıdır. Onlar nəzarətsiz buraxılmır və davranışlarına elektron qolbaq vasitəsi ilə nəzarət edilir. Naxçıvan Muxtar Respublikasında həmin şəxslərə elektron nəzarət vasitəsinin tətbiqi Ədliyyə Nazirliyinin elektron nəzarət sistemi vasitəsilə həyata keçirilir. Elektron nəzarət sistemi elektron nəzarət vasitələrinin istifadəsi ilə aparılan bütün izləmə məlumatlarının qəbulunu, emalını, saxlanılmasını, idarə edilməsini və ötürülməsini, habelə məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edən, müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan, ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən mərkəzdir. Elektron nəzarət vasitəsi məhkumun üzərinə bağlanılmamışdan əvvəl yoxlanılır və sanitariya normalarına uyğun işlənilir. Məhkumun üzərinə elektron nəzarət vasitəsinin bağlanılması eyni cinsin nümayəndəsi tərəfindən həyata keçirilir. Yetkinlik yaşına çatmamış nəzarət subyektinin üzərinə elektron nəzarət vasitəsinin bağlanılması valideynlərinin və ya digər qanuni nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Məhkum elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi üçün icra məmuru  tərəfindən məhkəməyə təqdimat verilir. Elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Məhkum elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri məhkumdan tutulur.

Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların əsas məqsədi, məhkumların hüquqlarının qorunması, onların cəmiyyət tərəfindən yenidən qazanılması, azadlıqdan məhrumetmənin tətbiq olunan son vasitə olması və cinayətkarlığa qarşı dövlət tərəfindən hərtərəfli, sistemli yanaşmanın, eyni zamanda məhkumla yanaşı, bütövlükdə cəmiyyətin mənafelərinin təmin edilməsidir. Probasiya da məhz məhkumlara daha humanist yanaşmanın təzahür formasıdır. Ümumilikdə əgər cəza özlüyündə şəxs barəsində məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarət tədbirdirsə, probasiya cinayətkarlara tətbiq olunan bu məhdudiyyətlərin qismən azaldılmasına və onların cəmiyyətin üzvü kimi daha çox hüquqlarının realizəsi üçün şərait yaradır. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan sanksiyalar məhkumların cəmiyyətə yenidən qazandırılması, onlara verilən cəzaların optimallaşdırılması, penitensiar xidmət resurslarından istifadənin minimuma endirilməsi, eyni zamanda cinayətkarlığa qarşı mübarizə işinin sistemliliyi perspektivindən olduqca səmərilidir. Probasiya azadlıqdan məhrumetmənin ailə münaqişələrinin, məhkumların əmək bazarında iştirakçılığın aşağı düşməsi və bir sıra antisosial və ya cinayət əməli həyata keçirməyə sövq edən səbəblərin nəticələrinin aradan qaldırılmasına kömək edir. Bu sahədə aparılan araşdırmalar və təhlillər göstərir ki, probasiyanın tətbiq edildiyi hallarda şəxslər daha sürətlə islah olunur, onların yenidən cinayət törətməsi hallarına daha az təsadüf edilir.

           Nuranə Kərimova

     Ədliyyə Nazirliyinin əməkdaşı

"Nuhçixan.az" İnformasiya Agentliyində dərc edilmişdir