date saat

İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələrə, nazirliyin 2021-ci ilin birinci yarımilində gördüyü işlərə dair kollegiya iclası keçirilib. Kollegiyanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, qanunçuluq prinsipinə daim sadiq qalan nazirlik hesabat dövründə fəaliyyət istiqamətləri əsasında hüquqi maarifləndirmə, təbliğat və profilaktika sahəsində apardığı işləri davam etdirmişdir. Penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, məhkumların hüquqlarının təmin olunması və məhkumların gündəlik təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Yoluxucu xəstəliklərin cəzaçəkmə müəssisələrinə keçməsinin qarşısının alınması, cəza çəkən şəxslərin sağlamlığının qorunması istiqamətində tədbirlər görülmüş, cəzaçəkmə müəssisələrində mütəmadi olaraq kompleks dezinfeksiya işləri həyata keçirilmişdir.

Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif ekspertiza sahələri üzrə tədqiqatı aparılan 162 ekspertiza işinin 128-ə rəy, 9-a isə arayış verilmiş, 13 ekspertiza işi icra olunmadan geri qaytarılmış, 6 işin icraatı vəsatət verildiyindən dayandırılmış, 6 ekspertiza işinin icrası isə hazırda davam etdirilir.

Hesabat dövrü məhkəmə və digər orqanların qərarlarının vaxtında icra olunmasına nəzarət artırılmışdır. Birinci yarımildə icra və probasiya şöbə və bölmələrinin icraatına 3361 icra sənədi daxil olmuş, bunlardan 1156 iş tam icra olunmuş, 1939 iş icraya yönəlmiş, 132 iş geri qaytarılmış, 134 iş ərazi aidiyyəti üzrə göndərilmiş, 104 nəfər borclu barəsində axtarış qərarı verilmişdir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq daxil olmuş müraciətlər qeydiyyata alınmışdır. Dövlət notariat ofisləri tərəfindən 6790 müxtəlif məzmunlu notariat əməliyyatları aparılmış, dövlət büdcəsinə 56093 manat dövlət rüsumu ödənilmişdir. Rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5240 əməliyyat aparılmış və dövlət büdcəsinə 10166 manat dövlət rüsumu ödənilmişdir.

Bələdiyyə orqanlarında işin düzgün təşkili və qanunvericiliyə əməl edilməsi məqsədilə müxtəlif dövlət orqanları ilə birlikdə aktual mövzularda seminarlar təşkil edilmiş, bələdiyyə sədrlərinə metodiki vəsaitlər paylanılmışdır. Qanunvericiliyin tələbləri ilə bağlı 6 ədəd tövsiyə məktubu hazırlanmış və bütün bələdiyyə orqanlarına göndərilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə orqanlarından nazirliyə  daxil olmuş  bələdiyyə aktlarının hüquqi ekspertizası keçirilmişdir.

Hesabat dövrü ərzində nazirliyin əməkdaşları Naxçıvan Dövlət Televiziyasında, Naxçıvan Dövlət Radiosunda, “Şərq qapısı” qəzetində, rayon (şəhər) qəzetlərində, elektron informasiya resurslarında çıxışlar etmiş, nazirliklə bağlı xəbərlər həmin kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Hüquqi aktların "Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq hesabat dövrü ərzində hüquqi aktların qanunvericiliyə uyğun və vaxtında daxil edilməsi təmin edilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq və dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələr üçün  praktiki dərslər və  seminarlar  təşkil edilmişdir. Hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsil alan tələbələrin bir gün ərzində nazirliyin qeydiyyat, notariat və ekspertiza sahəsində gördüyü işlərlə və bu istiqamətdə həyata keçirilən metodlarla əyani tanışlığı təmin edilmişdir.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə orqanlarında yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ədliyyə qulluqçuları qarşısında qoyulan tələblər, xüsusilə vətəndaşlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı tapşırıqlar diqqətə çatdırılaraq, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsinin vacibliyi vurğulanmışdır. Nazir qeyd etmişdir ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Cənab Sədr nazirliyə mühüm vəzifə kimi  sahibkarlıq müəssisələrində əsassız yoxlamaların qarşısının alınması üçün zəruri tədbirlər görmək, məhkəmə qərarlarının vaxtında icra olunmasına və bələdiyyələr tərəfindən torpaqlardan qanunauyğun istifadəyə nəzarəti gücləndirmək tapşırığı vermişdir.

Sessiyada qarşıya qoyulan tapşırıqlar ikinci yarımil ərzində  əsas vəzifələrimizdən olmaqla icrası təmin olunacaqdır. İlk növbədə  sessiyada icra, qeydiyyat və  bələdiyyə fəaliyyəti ilə bağlı verilən tapşırıqların icrası istiqamətində görülən işlərə nəzarət gücləndirilməli, nazirliyin bütün xidmət sahələri işə diqqəti daha da artırmalıdır.

Hüquqi maarifləndirmə və profilaktika tədbirləri davam etdirilməli, məhkəmə və digər orqanların qərarlarının vaxtında icra edilməsinə nəzarət artırılmalı, icraatda olan  işlərin icra olunma  faizi yüksəldilməlidir. Borclularla profilaktiki tədbirlər davam etdirilməli, probasiya üzrə fəaliyyət nəzarətdə saxlanılmalıdır. Sahibkarlıq müəssisələrində əsassız yoxlamaların qarşısının alınması üçün zəruri tədbirlər görülməli, sahibkarların hüquqları qorunmalı, tapşırığın icrası təmin edilməlidir. Bələdiyyə fəaliyyəti ilə əlaqədar qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində görülən işlər davam etdirilməli, bələdiyyələr tərəfindən torpaqlardan qanunauyğun istifadə edilməsinə  nəzarət  artırılmalıdır. 

Məruzə ətrafında Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Rafiq Cəfərov, İcra və probasiya şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Kazımov çıxış edib, müzakirələr aparılıb.

Kollegiya iclasında kollegiya qərarı təsdiq edilmişdir. Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov kollegiya qərarını əməkdaşların diqqətinə çatdırıb.

Kollegiyaya yekun vuran nazir qeyd etmişdir ki, Ali Məclis Sədrinin nazirlik  qarşısında qoyduğu bütün tapşırıqlar, xüsusən də  icra, qeydiyyat və bələdiyyə fəaliyyəti ilə bağlı veridiyi tapşırıqları növbəti hesabat dövründə ədliyyə orqanlarında rəhbər götürülməklə icrası təmin ediləcəkdir.

 

      Naxçıvan Muxtar Respublikası

   Ədliyyə Nazirliyinin mətbuat xidməti