date saat

Əsas fəaliyyət istiqamətlərimizdən olan məhkəmə qərarlarının icrası və hüquqi maarifləndirmə daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə  muxtar respublikanın şəhər və rayonlarında adıcıl tədbirlər həyata keçirilir. Məhkəmə qərarlarının və digər orqanların aktlarının vaxtında təmin olunması üçün nazirliyin əməkdaşları və icra qurumları tərəfindən mütəmadi olaraq zəruri icra tədbirləri görülür, bununla belə borclular tərəfindən icradan qərəzli boyun qaçırılır, bəzən aliment işləri üzrə ödəmələrin aparılmasına laqeyd yanaşılır. Bu halların aradan qaldırılması üçün nazirliyin əməkdaşları vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi sahəsində profilaktik tədbirlər görür, icradan yayınan borclular barədə mütəmadi olaraq iş aparır. Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan və icrası məcburi xarakter daşıyan məhkəmə qərarlarının vaxtında icra olunması üçün bütün tədbirlər görülür, icradan qəsdən yayınan borclularla profilaktik görüşlər keçirilir.

Növbəti belə profilaktik görüş Sədərək rayonunda keçirilmişdir. Görüş zamanı rayon icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmış, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir. Qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bildirilmişdir ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.

Sonra aliment və pul öhdəlikləri üzrə ödənişləri gecikdirən borcluların çətinliklərinin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və onları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Qeyd edək ki, nazirliyin əməkdaşları mütəmadi olaraq icrası çətinlik törədən işlərin həyata keçirilməsində yerli qurumlara köməklik göstərir. Xüsusən də icrası uzun müddət davam edən aliment, pul tələbi işlərinin icrasında yaxından iştirak edirlər.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti