date saat

Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sessiyalarında verilən tapşırıqları daim diqqətdə saxlayır, icra və probasiya xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, mövcud problemlərinin həlli məsələlərinə nəzarət edir, eyni zamanda bu sahədə işin vəziyyəti vaxtaşırı müzakirə edilərək müvafiq qərarlar qəbul edilir. Növbəti belə tədbir sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Müşavirədə müvafiq dövr ərzində həyata keçirilən icra işlərinin ümumi sayı, kateqoriyalar üzrə statistikası, icra işlərinin həyata keçirilməsi zamanı yaranan çətinliklər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov müşavirəni giriş sözü ilə açaraq bildirdi ki, Muxtar Respublika Rəhbərinin ardıcıl və yorulmaz fəaliyyəti nəticəsində muxtar respublikamızın hər sahəsində mövcud olan inkişaf ədliyyə sahəsindən də yan keçməmişdir. Nazirliyin və tabe qurumlarının müasir binalarda yerləşməsi, fasiləsiz enerji xidmətlərinin göstərilməsi, informasiya kommunikasiya texnologiyalarının yaradılması, şəxsi heyətin təminatlarının yaxsılaşdırılması bizi öz işimizdə daha da məsuliyyətli etməlidir. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyin üzərinə qoyulan vəzifələrdən biri də məhkəmə qərarlarının vaxtında icra olunmasına nəzarətin gücləndirməlisi olmuşdur. Məhkəmə qərarlarına nəzarət gücləndirilməli, yalnız kəmiyyət göstəricisi deyil, keyfiyyət səviyyəsinin də artırılması və nazirliyin fəaliyyət istiqamətinin bir sahəsi olması da nəzərə alınmaqla əsas götürülməlidir. İcra məmurları daxil olmuş icra vərəqəsinin qeydiyyatını vaxtında aparmalı, icraata başlamaq haqqında qərarın qəbul edilməsi, tələbin könüllü icra olunması ilə bağlı bildirişlərin göndərilməsini gündəlik olaraq nəzarətdə saxlamalı, inzibati qaydada məsuliyyətə cəlb olunmaları və cinayət işinə qədər zəruri icra tədbirlərini həyata keçirməlidirlər. Hesabat dövrü əsas fəaliyyət istiqamətlərimizdən olan məhkəmə və digər orqanların qərarlarının icrasının vaxtında və dürüst təmin edilməsinə də nəzarət artırılmışdır. Nazirliyin İcra və probasiya şöbəsinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup üzərinə götürdüyü icra sənədlərinin icrasına köməklik göstərilməsini davam etdirmiş, yerli icra və probasiya qurumların işlərinə metodiki və əməli köməklik göstərilmişdir. Bu sahədə vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılmış, hər bir müraciət diqqətlə öyrənilmiş, qanunamüvafiq və operativ qaydada həlli üçün konkret tədbirlər görülmüşdür. Eyni zamanda vətəndaşların nazirlikdə qəbulu həyata keçirilmiş, müraciətləri araşdırılaraq onlara lazimi köməkliklər göstərilmişdir.

Məruzə ətrafında nazirliyin icra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov xidmətin səkkiz ay ərzində görüdüyü işlər barədə məruzə etmişdir. Xidmətin icraatına daxil olan işlərin kateqoriyası barədə geniş məlumat vermişdir.

Sonra yerli icra və probasiya şöbə və bölmələrinin rəisləri icraatlarında olan işlərlə bağlı məruzə etmişlər. Çıxış edənlər daxil olan işlərin kateqoriyaları və təsnifatları barədə məlumat vermişlər.

Nazir sessiyalardan irəli gələn tapşırıqları bir daha əməkdaşların diqqətinə çatdıraraq bildirmişdir ki, qarşıya qoyulan vəzifələr əsas vəzifələrimizdən olmaqla icrası təmin olunacaqdır. Bununla əlaqədar olaraq icraatda olan işlərin icra olunma faizi yüksəldilməli, xüsusilə də aliment və pul tələblərində ödənişlərin vaxtında yerinə yetirilməsinə diqqət artırılmalıdır. Vətəndaşlarla və digər dövlət orqanlarının əməkdaşları ilə ünsiyyətdə təmkinli, diqqətli və səbirli, rəftarlarında nəzakətli olmalı, etik davranış və nizam-intizam qaydalarına düzgün əməl etməlidirlər. Öhdəliklərini qərəzli yerinə yetirməyən borclularla bağlı tədbirlər görülməli, probasiya nəzarəti üzrə fəaliyyət diqqətdə saxlanılmalıdır.

 

  Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti