date saat

Ədliyyə orqanları ölkəmizdə hüququn müxtəlif sahələrini əhatə edən inkişaf prosesində, eyni zamanda hüquqi islahatların uğurla həyata keçirilməsi istiqamətində görülən işlərdə müstəsna yer tutur. Müstəqillik əldə etdikdən sonra respublikamızda dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların qəbulu və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər zamanın tələbləri ilə səsləşən, cəmiyyətin inkişafını, insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələlərini başlıca amil kimi götürmüşdür. Ötən dövrdə respublikamızın bu sahədə yüksək nailiyyətlər qazanması bilavasitə demokratik cəmiyyət quruculuğuna hesablanmış islahatlarının sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuş, özündə tarixi dəyərləri əks etdirməklə müasir mərhələyə qədəm qoymuşdur. Həyata keçirilən islahatlar çərçivəsində ədliyyə işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görülmüş, ədliyyə orqanlarının da üzərinə yeni mühüm vəzifələr qoyulmuşdur.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi, ilk növbədə, ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən və təkmil mexanizmlər üzərində qurulmasından asılıdır. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 24 avqust 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və digər sahələr üzrə əlavə səlahiyyətlərin verilməsi muxtar respublikanın ədliyyə orqanlarının inkişafına böyük təkan vermişdir. Ulu öndərin hüquq siyasətini uğurla davam etdirənAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquq xidmətinin yaxşılaşdırılması istiqamətində atdığı ciddi addımlar, verilmiş tapşırıqların icrası üzrə həyata keçirilən tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoymuşdur.

Son illər ərzində muxtar respublikamızda da ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da gücləndirilməsi üzrə çox mühüm işlər görülmüşdür. Muxtar respublika rəhbərinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində son illərdə ədliyyə orqanlarında iş şəraitinin müasirləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunmuş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri üzrə xidmətisahələrin inkişafına xüsusi diqqət göstərilmişdir. Son illərdə nazirliyin inzibati binası yenidən qurulmuş, nazirlik sisteminə daxil olan Penitensiar Xidmət, Məhkəmə Ekspertizası Mərkəzi və yerli qurumlar üçün müasir tələblərə cavab verən inzibati binalar tikilərək ədliyyə işçilərinin istifadəsinə verilmişdir. Ölkəmizdə ilk dəfə olaraq muxtar respublikamızda Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi yaradılmışdır. Müasir tələblərə cavab verən bu müəssisənin yaradılması insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbir kimi xüsusi əhəmiyyətə malikdir. Məhkəmə Ekspertizası Mərkəzinin yaradılması və mərkəz üçün lazımi ekspertiza avadanlıqlarının alınması ekspertiza işlərinin yüksək səviyyədə aparılmasına, hüquqmühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərtərəfli araşdırılmasına böyük köməklik göstərmişdir. Bütün bu inkişafın fonunda ədliyyə orqanları işçilərinin sosial təminatının yaxşılaşdırılması, onların dövlət təltiflərinə, fəxri adlara və yüksək ali rütbələrə layiq görülməsi də ədliyyə sisteminə göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Muxtar respublikamızda bu gün də insan hüquq və azadlıqlarının etibarlı təminatına, qanunçuluğun daha da təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirilir, ədliyyə orqanlarının maddi-texniki bazası gücləndirilir. Ədliyyə orqanlarına göstərilən diqqət və qayğının davamı olaraq dekabrın 8-də Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi və 3 saylı Notariat Ofisi üçün yeni inzibati bina istifadəyə verilmiş, binada ədliyyə işçilərinin rahat fəaliyyəti üçün bütün lazımi tədbirlər görülmüşdür. Dövlətimizin gənclərə göstərdiyi növbəti qayğının ifadəsi olaraq binada nikahların təntənəli və yaddaqalan keçirilməsi üçün hərtərəfli şərait yaradılmışdır. 3 mərtəbədən ibarət olan binada 8 inzibati və 7 yardımçı otaq, eləcə də nikah qeydiyyatı zalı və mətbəx yerləşir. Bina notariat hərəkətlərinin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması üçün bütün lazımi avadanlıqlarla təmin olunmuşdur. Dəhlizdə yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün köşk qoyulmuşdur.

İnsan amilini hər zaman yüksək dəyərləndirən Ali Məclisin Sədri açılış mərasimində demişdir: “Vətəndaşlıq Vəziyyəti Aktlarının qeydə alınması işi vacib məsələdir. Ona görə də bu sahədə arxiv işinə ciddi diqqət yetirilməlidir. Qeydiyyat şöbələrinin vəzifələrinə uyğun olaraq həm kağız, həm də elektron qaydada arxivlər yaradılmalı, muxtar respublikanın vahid qeydiyyat sisteminə qoşulmalıdır. Bununla yanaşı, verilən hər bir sənədin qeydiyyatı aparılmalı, nizam-intizama əməl olunmalıdır. Yaradılan şərait işçilərin iş şəraitini yaxşılaşdırmaqla bərabər, müraciət edənlərin də lazımi şəraitdə qəbul olunmasına imkan verəcəkdir. Vətəndaşların müraciətləri dəqiq araşdırılmalı, mübahisəli məsələlər qanun əsasında izah olunmalı, əsassız mübahisə və şikayətlərə şərait yaradılmamalıdır”.

Qeyd edilənlərdən də göründüyü kim həyata keçirilən bütün tədbirlər muxtar respublika sakinlərinin rifahının yaxşılaşdırılmasına və onlara göstərilən hüquqi xidmətlərin daha operativ həyata keçirilməsinə xidmət edir. Biz də çalışacağıq ki, bu sahədə üzərimizə düşən vəzifələrin öhdəsindən lazımınca gələk.

Bizim üçün yaradılan bu yüksək şəraitə, dövlət səviyyəsində bizə göstərilən diqqət və qayğıya görəAli Məclis Sədrinə bütün ədliyyə orqanları işçiləri adından dərin minnətdarlığımızı bildiririk. Əmin edirik ki, ədliyyə işçiləri hüquqi dövlət quruculuğu istiqamətində səylərini bundan sonra da davam etdirəcək, göstərilən dövlət qayğısına əməli işlə cavab verəcək, üzərimizə düşən mühüm vəzifələri layiqincə yerinə yetirəcəyik.

  

İsayə GÜLMƏMMƏDOVA

Naxçıvan Şəhər 2 saylı Nikah Evinin müdiri, ədliyyə müşaviri

14 dekabr 2021-ci ildə "Nuh yurdu" qəzetində dərc edilmişdir