date saat
Müasir dövrdə mediasiya baş vermiş münaqişənin alternativ həlli üsulu kimi qəbul olunur. Hüquq sahəsi üçün tamamilə yeni olan mediasiyanın əsas məqsədi insanları məhkəmədən öncə barışığa gətirmək, mübahisə edən tərəflər arasında razılığın əldə olunmasına çalışmaqdır. Bu institutun tətbiqi vətəndaşların mübahisələrlə bağlı məhkəməyə müraciət imkanlarını asanlaşdırmaq məqsədi daşıyır. Muxtar respublikamızda da mediasiyanın tətbiqi ilə bağlı lazımi işlər həyata keçirilib, Naxçıvanda fəaliyyət göstərən mediatorlar üçün müasir iş şəraiti yaradılıb. Mediasiya tərəflər arasındakı mübahisənin mediatorun köməyi ilə könüllü olaraq həlli ilə bağlı qurulmuş bir prosesdir. İnsanlar bu prosesdə iki istiqamətdə iştirak edirlər. Birincisi, tərəflər qanunla müəyyən edilən kateqoriya işlər üzrə mübahisə edənlər mütləq mediasiyadan keçməlidirlər. Çünki ola bilər ki, tərəflər arasında hər hansısa bir razılıq mediasiya prosesində baş vermirsə, o zaman tərəflər məhkəməyə müraciət etməli olurlar. Bu zaman məcburi mediasiya prosesi mərhələsindən keçməyənlərin ərizələri məhkəmələr tərəfindən baxılmağa qəbul edilmir. İkincisi isə tərəflər özləri əvvəlcədən mübahisəyə mediasiyada baxılması barədə razılığa gəlməlidirlər.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göstərilən normada kommersiya mübahisələr dedikdə, hüquqi və fiziki şəxslərin iştirak etdiyi bütün kommersiya mübahisələr başa düşülür. Ailə münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr başa düşülür. Əmək münasibətlərindən irəli gələn mübahisələr dedikdə isə həm fərdi əmək mübahisələri, həm də kollektiv əmək mübahisələrinin ilkin olaraq mediasiya prosesindən keçməsi ehtiva olunur.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istənilən mülki işlər və kommersiya mübahisələri, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə mediasiya prosesində baxıla bilər. İlk öncə işə mediasiyada baxılması üçün mübahisə tərəfləri könüllü olaraq müqavilə bağlamalıdırlar. Belə razılaşma əvvəlcədən və yaxud işə məhkəmədə baxılarkən də bağlana bilər. Hətta qanunvericilik müəyyən edir ki, əgər məhkəmə gedişi zamanı tərəflər mübahisəni barışıqla yekunlaşdırmağın mümkün olduğunu müəyyən etdikdə, mübahisənin mediasiyaya keçirilməsi barədə müqavilə bağlaya bilərlər. Mübahisələrin məhkəmədən fərqli olaraq mediasiya prosesində baxılmasının bir neçə üstün cəhətlərini qeyd edək. Belə ki, mübahisənin mediasiyada həlli mübahisə edən tərəflərin mənafeyinə hesablanmışdır. Təcrübə göstərir ki, mübahisələrin bu qaydada həlli daha mütərəqqi və səmərəlidir. Çünki mediasiya prosesində işlərə daha tez baxılaraq qərar qəbul olunur və tərəflərin əldə etdiyi barışıq sazişi dərhal tərəflər üçün məcburi xarakter alır. Lakin məhkəmə mübahisələri uzun müddət vaxt aparır və tərəflər uzun müddət məhkəmələrə gedib gəlirlər. Amma qanunla mediasiya prosesi 30 gün ərzində başa çatmalıdır. Bu prosesdə tərəflər sərbəstdirlər, barələrində məcburi qərar qəbul edilməsinin psixoloji təsirindən kənardırlar, qərarı onlar qəbul edirlər və onlara kömək edən bir təcrübəli mediator vardır. Mediasiyanın məhkəmədən daha bir fərqi isə bu prosesdə qəbul edilən qərarların xarakterindədir.
Məhkəmə Azərbaycan dövlətinin adından tərəflər üçün məcburi olan bir qərar qəbul edir. Həmin qərarla mübahisə həll edilsə də, digər tərəf istər-istəməz narazı qalır. Mediasiya prosesində mübahisə ilə bağlı qərarı tərəflər özləri qəbul edirlər. Prosesi aparan mediator qərar qəbul etməkdə tərəflərə ancaq köməklik edir. Mediator hər hansı qərarın qəbul edilməsini tərəflərə göstəriş verə bilməz. Çünki mediasiya könüllü bir prosesdir. Tərəflər istənilən an mediasiyanı dayandıra bilərlər. Bundan başqa, məhkəmədən fərqli olaraq bu prosesdə mediatoru tərəflər özləri seçirlər. Tərəflər onların işlərinə istənilən mediatorun baxması ilə bağlı razılığa gələ bilərlər. Mediasiya prosesində mediatorun tərəflərə daha yaxın olaraq etimad qazanması əsas şərtlərdən biridir. Mediator məhz həmin vasitələrdən istifadə etməklə tərəfləri barışığa gətirməlidir. Çünki mediasiya prosesində tərəflərin mediatora etimad göstərərək hər hansı məlumatı verməsinin heç bir təhlükəsi yoxdur. İlk növbədə, mediasiya prosesində səsləndirilən bütün fikirlər, məlumatlar məxfi saxlanılır. Həm tərəflər, həm də mediator həmin məlumatların məxfiliyinə, onların yayılmamasına görə məsuliyyət daşıyır və digər proseslərdə onlardan istifadə edə bilməzlər. Bu qaydalara riayət edilməməsi məsuliyyətə səbəb olur.
Tərəflərin danışıqlarının barışıqla bitməsində mediatorların peşəkarlığının müstəsna rolu olur. Hazırda fəaliyyət göstərən mediatorların əksəriyyəti insanlarla yüksək danışıq aparmaq qabiliyyəti olan, onların mənəvi-psixoloji vəziyyətini, yaşam tərzini başa düşən, adət-ənənələrimizi yaxşı bilən, təcrübəli, peşəkar şəxslərdən ibarətdir. Çünki mübahisə ilə bağlı tərəfləri barışığa gətirmək üçün mediatorun istifadə etdiyi vasitələr həmin bacarıqlardan asılıdır. Mediatorun mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüş keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək, gizliliyi gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq hüquqları vardır. Mediasiya institutu ölkəmiz üçün yenilik olduğu üçün mediasiya prosesində ilkin olaraq kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrə məcburi olaraq mediasiya sessiyalarında baxılır. Yəni, qeyd olunan işlər üzrə müraciətlər artıq məhkəmə proseslərindən öncə mediasiyada baxılır. Bu cür işlər üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan mediasiya prosesi başlanmış sayılır. Tərəflərə ilk mediasiya sessiyası barədə məlumat verilir və onlar mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə bilər, vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilərlər. Tərəflərin razılaşması ilə onlara qərar qəbul etməyə kömək edə biləcək digər şəxslər də mediasiya prosesində iştirak edə bilər. Tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər.
Mediasiya prosesində tərəflər mübahisənin həlli şərtlərinə dair razılığa gələ bilərlər. Mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Mediasiyanın uğurlu nəticəsi olaraq tərəflər arasında barışıq sazişi bağlanır. Barışıq sazişi ilə tərəflər mübahisənin həlli ilə bağlı müəyyən şərtlər əsasında razılığa gəlirlər və sazişin şərtlərini özləri müəyyənləşdirirlər. Barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər başqa müddət müəyyən etməsələr, saziş imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyunqaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Mediasiya prosesi barışıq sazişinin bağlanması ilə nəticələnmədiyi hallarda mediator mediasiyaya xitam verir və bu barədə tərtib edilmiş müvafiq sənədi tərəflərə təqdim edir. Məhz bundan sonra tərəflər həmin sənədi əlavə etməklə ümumi qaydada məhkəməyə müraciət edə bilərlər.
Bir sözlə, mediasiya mübahisələrin alternativ həlli yollarından biridir. Burada tərəflər mübahisəli məsələləri danışıqlar yolu ilə üçüncü neytral şəxsin – yəni, peşəkar mediatorun vasitəsilə həll edirlər
Səttar ZAMANOV
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı
11 dekabr 2021-ci ildə "Şərqin səhəri" qəzetində dərc edilmişdir