date saat
Noyabr ayının 30-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan tələbələri nazirliyin bir neçə struktur qurumunda və Naxçıvan bələdiyyəsində olmuşlar.
Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Naxçıvan Şəhər Nikah Evinin, Naxçıvan Şəhər 2 saylı Notariat Ofisinin və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin iş prinsipləri ilə yaxından tanış edilmişlər. İcra və Probasiya Şöbəsində tələbələr icra məmurları tərəfindən həyata keçirilən icra prosesində yaxında iştirak etmiş, icra işlərinin qeydiyyatının aparılması, həyata keçirilən məcburi icra tədbirləri və elektron-icra sisteminin xüsusiyyətləri barədə geniş məlumat əldə etmişlər. Nikah Evində nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlərlə və bu sahədə kargüzarlığın aparılması qaydaları, eləcə də vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilmiş, nikaha daxil olmaq üçün ərizə ilə müraciət edən şəxslərin nikah qeydiyyatı aparılması prosedurunda iştirak etmişlər. Notariat Ofisində isə notariat hərəkətlərinin aparılmasının əsas qaydaları ilə praktiki olaraq tanış olmuş, notariat hərəkətləri aparılmasına dair qanunvericiliyin əsas müddəaları barədə məlumatlandırılmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında 2021-2022-ci tədris ili üçün birgə tədbirlər planına uyğun olaraq universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri üçün nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən seminar keçirilib. Seminarda ekspertlər tərəfindən hazırlanan slaydlar vasitəsilə tələbələrə keçirilən ekspertizalar barədə məlumat verilmişdir.