date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən 13 fevral 2021-ci ildə elan edilmiş yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün sənəd qəbulu 2021-ci il may ayının 13-dək uzadılıb. Qeyd edək ki, müsabiqədə ali hüquq təhsilli, 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Sənəd qəbuluna dair əlavə məlumat əldə etmək istəyən namizədlər Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti
Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Seminarı Culfa Rayon İcra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Mehdi Paşayev açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətində olan torpaqlarının icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edərək bildirib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmişdir. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında bazar məzənnəsi nəzərə alınmaqla həyata keçirilməlidir.