date saat
Muxtar respublika ərazisində dövlət və xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərinin notariuslarının iştirakı ilə xidməti müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq qeyd edib ki, bu gün notariuslar tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzərdə tutulan rüsumun dövlət büdcəsinə vaxtında köçürülməsi, eləcə də rəsmiləşdirilən notariat əməliyyatları ilə bağlı məlumatların isə ümumi notariat elektron məlumat sisteminə yerləşdirilməsi təmin edilir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyətinə dair verilən tapşırıqlardan biri kimi xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilir.
Vurğulanıb ki, fəaliyyətindən asılı olmayaraq bütün notariuslar fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidirlər. Notarius Azərbaycan Respublikasının qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.
Aprel ayının 28-də Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində praktiki təlim təşkil edilmişdir. Təlimdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə II kurs tələbələri iştirak etmişlər.
Fakültənin dekanı Əşrəf Ələkbərov “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışmış, eləcə də hamiliyə verilən tələbələrlə keçirilən tədbirlərin onlar üzərində müsbət təsiri və əldə etdikləri təcrübə barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, bugünkü təlimin də əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırılmasına xidmət edir.
Vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi sahəsində profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə nazirliyin İcra və Probasiya şöbəsinin və İstintaq bölməsinin əməkdaşları tərəfindən Culfa rayonunda profilaktiki tədbir keçirilmişdir. Belə ki, həmin bölmənin icraatında olan icra sənədləri üzrə icradan yayınan borclularla profilaktik söhbətlər aparılmışdır. Borclulara məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin hüquqi şəxslər və fiziki şəxslər üçün məcburiliyi izah olunmuşdur.
Qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bildirilmişdir ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, məhkəmə qərarını icra etməyə borclu olan şəxsin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur.
Sonda icra işləri üzrə borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Bu sahədə profilaktik tədbirlərin görülməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti