date saat
Aprelin 24-də nazirliyin Qeydiyyat və notariat şöbəsinin əməkdaşlarının, Nikah evi və qeydiyyat şöbələrinin rəislərinin iştirakı ilə xidməti müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq qeyd etmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasının təşkili nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Məsul şəxslər tərəfindən qeydiyyat əməliyyatları aparılarkən qanunvericiliyin tələblərinə əməl edilməli, vətəndaşlara hüquq və vəzifələri izah edilməli, onların qanuni mənafeləri qorunmalıdır. Vurğulanıb ki, qeydiyyat şöbələrinin əməkdaşları iş fəaliyyətlərində qanunvericiliyin tələblərini və ədliyyə işçisinin etik davranış qaydalarını rəhbər tutmalı, nizam-intizam qaydalarına riayət etməlidirlər.
Müşavirədə qeydiyyat şöbəsinin rəisləri iş fəaliyyətləri barədə məlumat vermiş, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması zamanı qarşıya çıxan problemlər müzakirə edilmiş, problemlərin həlli məqsədilə müvafiq tapşırıqlar verilmişdir.
Aprelin 24-də Ədliyyə Nazirliyinin kollektivi Naxçıvan şəhərində yerləşən Xatirə muzeyində olublar.
Bələdçi tərəfindən nazirliyin əməkdaşlarına Xatirə muzeyi haqqında məlumat verilərək qeyd olunub ki, ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. Bildirilib ki, ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri muzeydə nümayiş olunan eksponatlarda öz əksini tapıb. Döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.
Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin böyük ekspertinin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsində təhsil alan hüquqşünaslıq ixtisası üzrə tələbələr üçün praktiki dərs keçirilmişdir. Fakültənin məhkəmə ekspertizası və kriminalistika laboratoriyasında təşkil olunan dərs prosesində qeyd edilmişdir ki, nəzəri biliklərlə yanaşı təcrübi dərslərin keçirilməsi daha əhəmiyyətlidir. Keçirilən bu təcrübi dərslər tələbələrin gələcəkdə fəaliyyət göstərəcəyi sahələrdə əhəmiyyətli rol oynayacaqdır.