date saat
Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Seminarı Culfa Rayon İcra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Mehdi Paşayev açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətində olan torpaqlarının icarəyə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edərək bildirib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmişdir. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında bazar məzənnəsi nəzərə alınmaqla həyata keçirilməlidir.
“Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində icarə münasibətləri” mövzusunda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov çıxışında qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ əsasında hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
“Bələdiyyə aktları üzrə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxışında qeyd etdi ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. İnzibati nəzarət bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilir.
Sonda mövzu ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti