date saat
Aprel ayının 28-də Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində praktiki təlim təşkil edilmişdir. Təlimdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə II kurs tələbələri iştirak etmişlər.
Fakültənin dekanı Əşrəf Ələkbərov “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışmış, eləcə də hamiliyə verilən tələbələrlə keçirilən tədbirlərin onlar üzərində müsbət təsiri və əldə etdikləri təcrübə barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, bugünkü təlimin də əsas məqsədi tələbələrin startap layihələrinin hazırlanması və təqdimatı sahəsindəki bilik və bacarıqlarını daha da artırılmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Səttar Zamanov çıxışında həmin sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində Ədliyyə Nazirliyi tərəfindən görülən işlər barədə məlumat vermiş, nazirliklə universitet arasında təsdiq edilmiş tədbirlər planı üzrə görülən işlərin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, sərəncamdan irəli gələn vəzifələr universitetlə birgə icra olunur. Bu işlərin həyata keçirilməsi zamanı tələbələrin də cəlb olunması idarəetmə sahəsində innovativ layihələrin üzə çıxarılmasına hesablanmışdır.
Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Xəyal Eyvazov slayd vasitəsilə tələbələrə bələdiyyə orqanlarına göstərilən metodoloji yardımın və inzibati nəzarətin aparılması qaydaları barədə geniş məlumat verimişdir. Qeyd etmişdir ki,bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi qanunla müəyyən edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununa görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bələdiyyə orqanlarının işinin təşkilinə kömək etmək və onlara metodolji yardım göstərmək, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək nazirliyin əsas vəzifələrindən biridir. İnzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərirlər.
Təlimdə tələbələrə nazirliyə bələdiyyələr tərəfindən daxil olan aktlar, qərarlar, protokollar, sorğular barədə ətraflı məlumat verilmiş, sənəd nümunələri əyani şəkildə nümayiş etdirilmişdir.
Təlim qarşılıqlı müzakirələr əsasında davam etmiş, inzibati nəzarətin aparılması qaydaları barədə tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti