date saat
Muxtar respublika ərazisində dövlət və xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərinin notariuslarının iştirakı ilə xidməti müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq qeyd edib ki, bu gün notariuslar tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzərdə tutulan rüsumun dövlət büdcəsinə vaxtında köçürülməsi, eləcə də rəsmiləşdirilən notariat əməliyyatları ilə bağlı məlumatların isə ümumi notariat elektron məlumat sisteminə yerləşdirilməsi təmin edilir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyətinə dair verilən tapşırıqlardan biri kimi xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilir.
Vurğulanıb ki, fəaliyyətindən asılı olmayaraq bütün notariuslar fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidirlər. Notarius Azərbaycan Respublikasının qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır.
Sonra məruzə ətrafında Qeydiyyat və notariat şöbəsinin Notariat bölməsinin rəisi ədliyyə müşaviri Zülfü İsmayılov, dövlət və xüsusi notariat ofislərinin notariusları fəaliyyətləri bağlı məruzə etmişlər. Müşavirədə görülmüş işlərlə yanaşı, bu sahədə olan nöqsan və çatışmazlıqlar da qeyd edilmiş, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları müzakirə olunmuşdur.
Sonda nazir müşavirəyə yekun vuraraq bildirdi ki, notariat hərəkətlərinin aparılması zamanı notariuslar qanunvericiliyin tələblərinə ciddi əməl etməli, vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyəti yüksəldilməli, notariusun etik davranış kodeksinə əməl edilməlidir. Aparılan əməliyyatlar zamanı tərəflərin iştirakı zəruri olan notariat hərəkətləri zamanı hər iki tərəfin iştirakı təmin edilməlidir. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı əqdlər təsdiq edilərkən əmlakın qiymətinin real bazar qiymətinə uyğunluğu yoxlanılması bundan sonra da davam etdirilməlidir. Notariuslar nizam-intizamlı olmalı və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərlə nəzakətli davranmalıdırlar.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti