date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və  Naxçıvan Dövlət Universitetinin 2022-ci  tədris ili üçün birgə təsdiq etdikləri tədbirlər planının icrası istiqamətində işlər davam etdirilir. Aprelin 15-də “Gənclərin qrafologiya məktəbi” layihəsi çərçivəsində  universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmaların, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin rəis əvəzi Emin Əliyevin təşkilatçılığı ilə “Qrafoloji tədqiqatın aparılmasında ümumi əlamətlər və ümumi üsullar” mövzusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün təlim keçilmişdir.

Emin Əliyev əlyazma mətnlərin icraçısının bir sıra xarakter və xüsusiyyətlərinin müəyyən olunmasında ümumi əlamətlərin və ümumi üsulların əhəmiyyəti barədə məlumat verib. Əlyazma mətnlərin tədqiq edilməsində xəttin quruluşu, sürəti, sətirlərin istiqaməti, sətirlərarası məsafə, sözlərarası məsafə, hərflərin ölçüsü, yazı alətinin basılma qüvvəsi və sair əlamətlər ətraflı izah olunaraq slayt vasitəsi ilə nümunələr göstərilib.

Həmçinin yazı-hərəkət vərdişinin formalaşmasının xarakter və dərəcəsini əks etdirən ümumi əlamətlər sadalanıb, xəttin vərdişi və dərəcələri izah olunub. Yazının xarakteri, ümumi quruluşu, əlyazma mətnlərin icra olunma sürəti barədə qrafologiya elminə məxsus detallar diqqətə çatdırılıb. Vurğulanıb ki, insanlar predmetləri yadda saxlamaq üçün onların ümumi formasını, rəngini, ölçüsünü və s. insanların isə cinsiyyətini, təxmini yaşını, sağlamlıq dərəcəsini, üzünün ifadəsini, göz, alın, burun, qulaq, dodaq formasını, rəngini, saçının forma və rəngini, boy ölçüsünü, kök və ya arıq olmasını və s. kimi ümumi əlamətləri xatırlayaraq sadalayırlar. Emin Əliyev tərəfindən qeyd olunan hərəkətlərin elmi şəkildə əlyazma mətnlərin tədqiqində də istifadə olunması barədə dünya təcrübəsindən misallar gətirilərək izah olunmuşdur.

Təlimdə qədim tarixə malik olan və hazırda dünya təcrübəsində geniş istifadə olunan “qrafologiya” barədə maarifləndirici məlumatlar verilməklə yanaşı, bu sahədə tələbələri maraqlandıran suallara da ətraflı izahlar verilmişdir.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti