date saat
Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin böyük ekspertinin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsində təhsil alan hüquqşünaslıq ixtisası üzrə tələbələr üçün praktiki dərs keçirilmişdir. Fakültənin məhkəmə ekspertizası və kriminalistika laboratoriyasında təşkil olunan dərs prosesində qeyd edilmişdir ki, nəzəri biliklərlə yanaşı təcrübi dərslərin keçirilməsi daha əhəmiyyətlidir. Keçirilən bu təcrübi dərslər tələbələrin gələcəkdə fəaliyyət göstərəcəyi sahələrdə əhəmiyyətli rol oynayacaqdır.
Təcrübi dərs zamanı şəxsiyyətin eyniləşdirilməsində xüsusilə istifadə olunan daktiloskopiya ekspertizası üzrə müxtəlif ölçülü obyektlər üzərindən əl-barmaq izlərinin götürülməsi metodları və əl-barmaq izlərinin götürülməsində istifadə edilən tozların təyinatı üzrə istifadəsi əyani şəkildə göstərilmişdir. Burada ayaq izlərinin götürülmə qaydası, zahiri əlamətlərinə görə şəxsiyyətin eyniləşdirilməsi, şifahi portretin yaradılması və bu əlamətlərdən istintaq, əməliyyat-axtarış və ekspert təcrübəsində istifadə metodları ilə yanaşı, cinayətə meyilli olub-olmaması ehtimalları da tələbələrə izah olunmuşdur. Odlu silahlar, döyüş sursatları və onların tətbiqi nəticəsində əmələ gələn izlərin xüsusiyyətləri barədə və təcrübə zamanı rast gəlinən odlu silahların, döyüş sursatlarının müxtəlif növlərindən bəhs edilmişdir.
Həmçinin sənədlərlə davranış qaydaları, sənədlərin qismən saxtalaşdırılma üsulları və bir sıra cinayətlərin açılmasında sənədlərin kriminalistik tədqiqatının əhəmiyyətindən, möhürlərin həqiqi olub-olmaması əlamətləri, əskinasların və qiymətli kağızların və xüsusi mühafizə vasitələrinin səviyyələri haqqında, pul nişanları və qiymətli kağızların saxtalaşdırılma üsullarından bəhs edilmiş, əlyazmaların, imzaların ümumi, topoqrafik və xüsusi əlamətləri barədə, qeyri-adi psixofizioloji vəziyyətlərdə və qeydi-adi şəraitlərdə icra olunmuş əlyazma mətnlərin bir qrup əlamətləri barədə, xəttə görə icraçının cinsi mənsubiyyətinin və ehtimal yaş qrupunun müəyyən edən bir neçə ümumi əlamətlər nümayiş etdirilmişdir.
Hadisə yerinin müayinə olunmasında istifadə edilən vasitələrdən, dindirmə taktikasında diktafonun və videokameranın istifadə üsulları, rüşvət əməliyyatlarının həyata keçirilməsində istifadə edilən lüminisensiya karandaşının istifadəsi, eləcə də komputer texniki ekspertizasının həyata keçirilmə qaydaları və proqram təminatları barədə məlumat verilmişdir.
Dərs prosesi tələbələrlə qarşılıqlı diskusiya şəratində aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti